Beynəlxalq Assosiasiyanın işçi görüşü keçirilib

Beynəlxalq Assosiasiyanın işçi görüşü keçirilib

Bu gün Azərbycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Bakıda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Musiqi Muzeyləri və Kolleksiyaları Beynəlxalq Assosiasiyasının işçi görüşü keçirilib. SİA-nın verdiyi xəbərə görə, görüşdə sənətşünaslıq namizədi, əməkdar mədəniyyət işçisi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, Rusiyanın, Latviyanın, Qazaxıstanın, Niderlandın, Almaniyanın, Adıgeyanın 20 nəfər nümayəndəsi, media nümayəndələri və başqaları iştirak edib.

Tədbiri giriş sözü ilə açan sənətşünaslıq namizədi, əməkdar mədəniyyət işçisi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova "Azərbaycan musiqi mədəniyyəti və muzey işinin inkişafında Heydər Əliyevin rolu" mövzusunda danışıb: "7 aprel 2010-cu ildə Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəsi Leyla xanım Əliyeva və Rusiya Federasiyasındakı Azərbaycan səfirliyinin iştirak ilə M.İ.Qlinika adına Dövlət Musiqi Mədəniyyəti Mərkəzi Muzeyində "YUNESKO inciləri Moskvada: "Azərbaycan muğamı" adlı tədbir keçirilib. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və M.İ.Qlinika adına Dövlət Musiqi Mədəniyyəti Mərkəzi Muzeyi arasında birgə əməkdaşlıq haqqında müqavilə imzalanıb. 2011-ci ildə M.İ.Qlinika adına Dövlət Musiqi Mədəniyyəti Mərkəzi Muzeyinin təşəbbüsü ilə Musiqi Muzeyləri və Kolleksiyaları Beynəlxalq Assosiası yaradılıb. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, M.İ.Qlinika adına Dövlət Musiqi Mədəniyyəti Mərkəzi Muzeyi və Sankt-Peterburq Dövlət Teatr və Musiqi Muzeyi arasında birgə mədəni əməkdaşlıq haqqında müqavilə bağlanılıb. Hər üç muzey Musiqi Muzeyləri və Kolleksiyaları Beynəlxalq Assosiasiyasına təsisçi qismində daxil olub. Assosiasiyaya MBD və xarici ölkələrdən onlarla muzeylər daxildir. Bu illər ərzində Assosiasiyanın müxtəlif ölkələrdə işgüzar görüşlər keçirib".

Qeyd edək ki, görüşün sonunda muzey materialları əsasında hazırlanmış slayd-şou nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə