Xalq rəssamı Toğrul Nərimanbəyov vəfat edib

Xalq rəssamı Toğrul Nərimanbəyov vəfat edib

Görkəmli Azərbaycan rəssamı Toğrul Nərimanbəyov ömrünün 83-cü ilində dünyasını dəyişib. SİA-nın məlumatına görə, Toğrul Nərimanbəyov 1930-cu il avqustun 7-də Bakıda anadan olub. O, 1950-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini, 1955-ci ildə isə Litvanın paytaxtı Vilnüsdə Rəssamlıq İnstitutunu bitirib.

T.Nərimanbəyovun qüdrətli sənətkar kimi yüksəlməsində Azərbaycan incəsənətinin zəngin ənənələri, qədim miniatür və xalçaçılıq nümunələri böyük rol oynayıb. O, ayrı-ayrı tamaşalara verdiyi bədii tərtibatlarla Azərbaycan teatr rəssamlığının dəyərli nümunələrini yaradıb. Onun monumental boyakarlıq və divar rəssamlığı janrında işlənmiş tabloları xəlqilik ruhu ilə seçilərək böyük estetik təsir qüvvəsinə malikdir.

Görkəmli Azərbaycan rəssamının qiymətli əsərləri dünyanın mötəbər sərgi salonlarında, rəsm qalereyalarında və incəsənət muzeylərində uğurla nümayiş etdirilir, müxtəlif dövlətlərin muzeylərində və ayrı-ayrı şəxslərin kolleksiyalarında saxlanılır.

T.Nərimanbəyovun yaradıcılığı hər zaman diqqət mərkəzində olub və daim yüksək qiymətləndirilib. O, bir çox ölkələrin orden və medalları ilə təltif edilib. Rəssam müstəqil Azərbaycan Respublikasının ali mükafatları olan "İstiqlal" və "Şərəf" ordenlərinə layiq görülüb.

Azərbaycanın dövlət və hökumət rəsmiləri Toğrul Nərimanbəyovun ailəsinə onun vəfatı ilə bağlı başsağlığı veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə