“Könüllü.Az” internet platformasının təqdimatı keçirilib

“Könüllü.Az” internet platformasının təqdimatı keçirilib

Bu gün DVC-nin ("Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi) təşəbbüsü və AR Gənclər və İdman Nazirliyinin dəstəyi ilə könüllülər üçün yaradılmış Könüllü.Az internet platformasının təqdimatı keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın Sədri Nurəddin Mehdiyev, AR Gənclər Təşkilatları Milli Şurasının Sədri Şahin Seyidzadə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Sədri Şahin İsmayilov, "İrəli" İctimai Birliyinin Sədri Rauf Mərdiyev, media nümayəndələri və başqaları iştirak ediblər.

İnternet platformasının yaradılması təşəbbüsü 2013-cü il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "İnformasiya Kommunikasiya Texnologiyaları ili" elan olunmasından sonra irəli sürülüb.

Nəzərinizə çatdıraq ki, Milli Könüllülük Şəbəkəsi DVC-nin təşəbbüsü, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Azərbaycan Gəncliyi 2011-2012-ci illərdə Dövlət Proqramı"-nın 6.5.9( Gənclərin könüllü fəaliyyətə həvəsləndirilməsi) maddəsinə əsasən yaradılıb. Bu şəbəkənin yaradılmasının əsas məqsədi Azərbaycanda könüllü fəaliyyət ilə məşğul olmaq istəyən gənclərin bir ünvanda birləşməsi, onlar üçün müxtəlif lahiyə və tədbirlərin keçirilməsindən ibarətdir. "Könüllü.Az" respublikanın bütün könüllülərini, dövlət qurumlarını, qeyri-hökümət təşkilatlarını və biznes şirkətlərini özündə birləşdirən virtual platformadır. Eyni zamanda "STEP İN!" Milli Könüllü Şəbəkəsinə dəstək olaraq DVC tərəfindən, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə "Gənclərin könüllü fəaliyyəti" mövzusunda "Bakı Gənclər Debat Forumu-Yaz 2013"-ün Bağlanış və Mükafatlandırma Mərasimi keçirilib.

Qeyd edək ki, DVC ("Vətəndaş Cəmiyyətində Debat") İctimai Birliyi öz fəaliyyətini Azərbaycanda 1998-ci ildən "Debat" təhsil proqramı kimi başlayıb. İctimai Birlik kimi 2001-ci ildə təsis edilib, 2005-ci ilin yanvar ayında Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb. DVC -nin hal-hazırda 30.000 üzv, 45 region, 8 nümayəndəlik, 90-dan artıq təhsil müəssisəsi olmaqla geniş gənc şəbəkəsi qurulub və bu gün də lahiyənin icrasında da öz profesionallığını göstərməkdədir.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə