“Yeni Atmosfer” FOTO

Azərbaycan Akademik Dövlət Opera və Balet Teatrının dirijoru, Prezident mükafatı laureatı Əyyub Quliyev İtaliyada Avropanın məşhur musiqi kollektivlərindən biri olan Toskanini Filarmonik orkestri ilə çıxış edib. Parmanın "Paqanini Auditorium" zalında gerçəkləşən konsertlər böyük dinləyici marağına səbəb olub. SİA-ya verilən məlumata görə, "Yeni Atmosfer" (Nuove Atmosfere) adı altında ənənəvi olaraq hər il keçirilən konsertlər silsiləsinin sonuncu lahiyəsinə azərbaycanlı dirijor dəvət olunub. Silsilənin ilk konsertlərində Natalya Qutman, Kazuşi Ono, Sergey Krılov, Mişa Mayski, İv Abel, Antoni Vit, Aşer Fİş, Ton Koopman, Andrey Boreyko və Migel Qomes kimi dünya şöhrətli musiqiçilər iştirak edib.

Əyyub Quliyevin dirijorluğu ilə Toskanini Filarmonik orkestri İtaliyada ilk dəfə olaraq görkəmli bəstəkar B.Martinunun "La Revue de cuisine" Süitasını və fortepiano, zərb alətləri və orkestr üçün "İkili konsertini" dinləyicilərə təqdim ediblər. İnstrumental əsərlərdə böyük məharətlə çıxış edən solistlər - pianist Paolo Marsokki və Janni Jianqrasso dinləyicilər tərəfindən alqışlarla qarşılanıblar. Konsertin ikinci bölməsində Toskanini Filarmonik Orkestri İqor Stravinskinin "Pulçinella" baletindən Süitanı və Yozef Haydının 45-ci "Vida" simfoniyasını ifa edib. Haydının simfoniyasının konsertdə səslənməsinin simvolik mənası bu konsert mövsümünün bitməsi ilə əlaqədar orkestr musiqiçilərinin dinləyicilərlə vidalaşmasıdır. Müəllifin arzusuna uyğun olaraq hər bir ifaçı sonda şamları söndürərək səhnəni tərk edir.

Konsertdən sonra isə Toskanini Fondunun prezidenti professor Mauritsio Roy dirijor Əyyub Quliyevlə görüşərək, ona konsertdə iştirakına görə təşəkkürünü bildirib və 2013-2014-cü mövsümdə yeni proqramla çıxış etmək üçün İtaliyaya dəvət edib.

Qeyd edək ki, Əyyub Quliyev 2010-cu ildə Arturo Toskanini adına dirijorların beynəlxalq müsabiqəsində qalib gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə