Bu il 2013-cü ildə Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illiyi tamam olur. XIX əsrin ikinci yarısından etibarən baş verən ictimai-siyasi hadisələr fonunda Azərbaycanın mədəni həyatındakı dəyişikliklər ənənəvi xalq teatrının peşəkar dünyəvi teatra çevrilməsinə gətirib çıxarıb. Bu fikirləri SİA-ya teatrşünas Anar Bürcəliyev bildirib.
Onun sözlərinə görə "Peşəkar milli teatr yarandığı gündən Şərq islam aləminin ilk professional teatr sənəti ocağı kimi öz zəngin repertuarında daim yüksək ideyalı və dərin ictimai məzmunlu əsərlərə geniş yer vermiş oldu: "Bu gün çox böyük fəxr hissi ilə qeyd etmək lazımdır ki, ölkəmizdə indi bütünlüklə milli dəyərlər sisteminə əsaslanan yeni teatr tipi və səhnə mədəniyyəti ilə seçilən aktyorlar məktəbi vardır. Əxlaqi-mənəvi keyfiyyətlərə yiyələnmiş vətənpərvər ruhlu yeni nəsillərin formalaşmasında bu teatrın xidmətləri sözsüz ki, əvəzsizdir. Möhtərəm cənab Prezident İlham Əliyevin Azərbaycanda peşəkar teatrın milli mədəniyyətin inkişafında mühüm rolunu, ölkənin mədəni həyatında böyük əhəmiyyətini nəzərə alaraq, Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə imzalamış olduğu məlum sərəncamı da mühüm əhəmiyyətə malikdir".
Teatrşünas Anar Bürcəliyev qeyd edib ki, teatr bəşəriyyətin kəşf etdiyi möcüzəsidir: "Burada estetik tərbiyə insan aləminin ən güclü bir faktorudur. Təsadüfi deyil ki, Belinski teatrı hisslərin ən yüksək, ən ülvi, ən təmiz bir paklığı adlandırıb. Teatr aləmində hər hansı bir əsərin olduğu kimi təqdim edilməsi yox, onun müasir tələblər səviyyəsində, hətta dövr və məkan prinsipində deyil, real həyat səviyyəsi ilə uyğunlaşması məhz onun müasirliyi kimi diqtə edilməlidir. Bu baxımdan peşəkar milli Azərbaycan teatrı öz repertuar zənginliyini hər zaman qoruyub saxlaya bilib. Belə ki, Mirzə Fətəli Axundzadə yaradıcılığından başlamış ta ki, onun muasirlərinədək sənət axtarışları milli peşəkar teatrın tarixində, onun repertuar zənginliyində çox böyük rol oynayıb, böyük bir aktyor nəsli sınaqlardan çıxıb, əsl sənət korifeyi kimi püxtələşib, hər bir yaradılan səhnə əsəri əlamətdar bir hadisəyə çevrilə bilib".
"Qocaman səhnə ustalarının səhnə fəaliyyəti, yaradıcılığı hər zaman böyük hörmət və ehtiramla xatırlanır. Bu baxımdan Milli peşəkar Azərbaycan teatrı hər zaman müasirdir və öz repertuar siyasətində bu müasirliyi və dövrünün aktuallığını hər zaman qoruya bilib" - deyə, teatrşünas sözlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB