“Alınmaz qalanın qəhrəmanları”

“Alınmaz qalanın qəhrəmanları”

Bu gün millət vəkli Sevinc Hüseynovanın təşəbbüsü ilə Gənclərin Maarifləndirilməsi və Təlimi İctimai Birliyi tərəfindən milli qəhrəmanların həyatı və dönüş yoluna həsr olunmuş "Alınmaz qalanın qəhrəmanları" adlı sənədli bədii filmin təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, mərasimdə Azərbaycan Milli Məclisinin sədr müavini Bahar Muradova, millət vəkilləri Sevinc Hüseynova, Sabir Rüstəmxanlı, şairlərdən İlyas Tapdıq, gənclər təşkilatlarının üzvləri, şəhidlərin anaları və qohumları, media nümayəndələri və başqaları iştirak ediblər.

Mərasim başlamazdan öncə qonaqlar şəhidləri 1 dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə açan millət vəkili Sevinc Hüseynova Azərbaycan xalqının başına bir çox bəlaların gəldiyini söyləyib: "Azərbaycanlılar acı hadisələrin şahidi olub, böyük dərdlər görüblər. Müstəqil ölkədə yaşasaq da, hələ yaralarımız sağalmayıb. Neçə-neçə əsgərimiz müharibədə döyüşərək vətən yolunda canlarını fəda ediblər. Bütün bunlara baxmayaraq, torpaqlarımızın 20 % hələ də düşmən tapdağı altındadır".

Mərasimdə "Alınmaz qalanın qəhrəmanları" adlı sənədli bədii filmə baxış keçirilib. Filmdə Gədəbəydə şəhid olunmuş 4 əsgərin şücaəti əks olunub. Filmin yayımı zamanı vətən yolunda şəhid olmuş Məzahir Rüstəmovun anası dayanmadan ağlayıb.

Daha sonra çıxış edən millət vəkili Bahar Muradova "Alınmaz qalanın qəhrəmanları" adlı sənədli bədii film haqqında öz təəssüratlarını bölüşüb: "Azərbaycanın müstəqilliyi və faciələri haqqında kifayət qədər filmlər, kitablar nümayiş olunub. Bu filmi izləyəndə çox kədərləndim. Kinoda qəhrəmanlarımızın canlarını vətənə fəda etməsi bizim üçün qürur örnəyidir. Əsl qəhrəmalıq budur".

Qeyd edək ki, sonda şəhid ailələri tədbir haqqında öz fikirlərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə