VIII respublika müsabiqəsinə yekun vurulub

VIII respublika müsabiqəsinə yekun vurulub

Bu gün Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr edilən Uşaq xor kollektivlərinin VIII respublika müsabiqəsinin yekun konserti keçirilib. SİA-nın məlumatına görə, uşaq xor kollektivlərinin respublika baxış və müsabiqələrinin keçirilməsi artıq ənənəvi hal alıb.

Hər ilin aprel ayında respublikamızın bütün rayon və şəhərlərinin uşaq xor kollektivləri müsabiqəyə qatılırlar. Bu müsabiqələrin keçirilməsində əsas məqsəd respublikada xor mədəniyyətinin inkişaf etdirilməsi, uşaq musiqi və incəsənət məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, uşaqlarda kiçik yaşlarından xor sənətinə maraq oyadılması, eyni zamanda xormeysterlərin yaradıcılıq fəaliyyətinin aktivləşdirilməsidir.

Uşaq xor kollektivlərinin VIII respublika müsabiqəsi zonalar üzrə Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Sumqayıt, Şəki şəhərlərində və Ağcabədi, Bərdə, Salyan rayonlarında keçirilib. Müsabiqədə respublikanın şəhər və rayonlarından 7000-dən çox şagird iştirak edib.

Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri, aalq artisti Gülbacı İmanovanın sədrlik etdiyi, tanınmış xormeyster və müəllimlərdən ibarət münsiflər heyəti 178 uşaq xor kollektivinin çıxışını qiymətləndirib.

Münsiflər heyətinin qərarına əsasən xormeysterlər Məhin Orucova (Bakı şəhər C.Hacıyev adına 3 nömrəli Uşaq Musiqi Məktəbi) Qran Pri mükafatına, Zemfira Nurullayeva (Bakı şəhər Q.Qarayev adına 8 nömrəli Onbirillik Musiqi Məktəbi) və Firəngiz Xəlilova (Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbi) I mükafata, Səidə Göyçayskaya (Bakı şəhər R.Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbi), Günay İsmayılova (Bakı şəhər R.Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbi), Tatyana Yatsenko (Bakı şəhər Ş.Ələkbərova adına 20 nömrəli Uşaq Musiqi Məktəbi) və Səbinə İbrahimova (Naxçıvan Muxtar Respublikası Ordubad şəhər Uşaq Musiqi Məktəbi) II mükafata, İradə Cəlilova (Bakı şəhər K.Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbi), Aygün Eyvazzadə (Bakı şəhər Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbi), Zemfira Sadıqova (Bakı şəhər Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi) və Lina Babakova (Xaçmaz şəhər Uşaq Musiqi Məktəbi) III mükafata layiq görülüblər.

Müsabiqədə fərqlənən Bakı, Gəncə, Naftalan, Sumqayıt, Şəki, Şirvan şəhərlərinin, Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Ağsu, Beyləqan, Bərdə, Cəlilabad, Hacıqabul, Xaçmaz, Gədəbəy, Goranboy, Göygöl, Göyçay, Kəlbəcər, Qax, Qobustan, Qubadlı, Qusar, Neftçala, Saatlı, Salyan, Samux, Siyəzən, Tərtər, Zaqatala rayonlarının uşaq xor kollektivləri, xormeyster və konsertmeysterləri diplom və fəxri fərmanlarla təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə