"Azərbaycan "Eurovision" mahnı müsabiqəsində yenidən layiqincə çıxış etdi və uğura nail oldu". SİA-nın məlumatına görə, bunu "Eurovision 2013" mahnı müsabiqəsində Azərbaycana ikincilik qazandıran Fərid Məmmədov bu gün Heydər Əliyev Sarayının qarşısındakı parkda Heydər Əliyevin heykəlini ziyarət etdikdən sonra jurnalistlərə açıqlamasında deyib.
O, bu gün gənclərin müşayiəti ilə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub. İsveçin Malmö şəhərində keçirilən yarışda ikinci yeri tutan Fərid Məmmədov göstərdiyi dəstəyə görə bütün Azərbaycan xalqına minnətdarlığını bildirib.
Daha sonra jurnalistlərin suallarını cavablandıran Fərid müsabiqədə birincilik qazana bilməməsindən təəssüfləndiyini bildirib: "Müsabiqəyə çox ciddi hazırlanmışdıq. Amma təəssüf ki, birinci yerə çıxa bilmədik. Hər il olduğu kimi, bu il də çox gözəl performanslar var idi. Azərbaycan növbəti dəfə "Eurovision"da layiqincə çıxış etdi".
Media və ictimaiyyət tərəfindən soyuq qarşılanması barədə xəbərlərə aydınlıq gətirən iştirakçı bunun həqiqətə uyğun olmadığını bildirib: "Mən səhər tezdən ölkəyə gəldiyim üçün heç kimə xəbər verilməsini istəmədim, ki narahat olmasınlar. Təəssüflər olsun ki, bu məsələ bu cür işıqlandırılıb. Əksinə, mən qarşılanmadan da, münasibətdən də çox razıyam".
"Eurovision 2013" mahnı müsabiqəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri Hüsniyyə Məhərrəmova da Fərid Məmmədovun dediklərini təsdiqləyib: "Bu günə kimi Azərbaycandan olan ifaçılar arasında ən təvazökarı olan Fərid özü mətbuat nümayəndələrinin dəvət olunmasını istəmədi və təbii ki, biz onun fikrinə hörmətlə yanaşdıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB