"1 İyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibəti ilə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı öz ənənəsinə sadiq qalaraq balaca tamaşaçılarını da unutmayıb. Bu dəfə teatr onlar üçün təntənəli bayram şənliyi təşkil etməyi və teatrın səhnəsində ilk dəfə olaraq Azərbaycan dilində "Düyməcik" (Qans Xristian Anderson) tamaşasını nümayiş etdirməyi planlaşdırır. Layihəyə bütünlüklə yaradıcı gənclər cəlb ediliblər. Elməddin Dadaşovun quruluşunda göstəriləcək tamaşanın rəssamı Nüşabə Hüseynova, rəqslərin müəllifi Elvira Şahmetova, geyim üzrə rəssamı Nübar Hüseynovadır". Bunu SİA-ya açıqlamasında tearın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev deyib.
Onun sözlərinə görə, bir hissəli sehirli nağıl-tamaşa janrında hazırlanan əsərdə teatrın nəzdində fəaliyyət göstərən Yaradıcılıq studiyasının balaca artistləri Fidan Axundova (Düyməcik), Nurhəyat Ötkəm (Sehirli pəri), Qulamrıza Rəngamiz (Köstəpək), Fikrət Tağıyev (Çöl siçanı), Ayşə Məmmədova (Çay balığı), Ədilə Cəfərova (Ana qurbağa), Rəvan Hümbətli (Oğul qurbağa), Kənan Eyvazov (Qaranquş), Seyran Dadaşov (May böcəyi), İslam Əbdül (Şahzadə oğlan) çıxış edəcəklər.
Teatrın direktoru həmçinin bildirib ki, tədbirdə uşaqların əyləncəsi üçün də şərait yaradılacaq: "Bundan əlavə, iyunun 2-də Yaradıcılıq studiyasının rəqs kollektivi R.Behbudov adına Mahnı Teatrında konsert proqramı ilə çıxış edəcək".
Qeyd edək ki, bu ansambl müxtəlif ölkələrdə keçirilən bir sıra nüfuzlu festivalların, müsabiqələrin iştirakçısı olub, həmişə də vətənə yüksək mükafatlarla qayıdıblar. Balaca artistlər 2006-ci ildən mütəmadi olaraq Turkiyənin TRT kanalının dəvəti ilə 23 Nisan Beynəlxalq Uşaq Festivalında çıxış edərək, bütün dünyaya Azərbaycan mədəniyyətini, incəsənətini nümayiş etdirib, Türkiyə Cümhuriyyətinin Prezidenti və Baş Naziri ilə təşkil olunmuş rəsmi görüşlərin iştirakçısı olublar. Ötən il Amsterdamda keçirilən "Junior Eurovision 2012" müsabiqəsində də vətənimizi Musiqili Komediya Teatrının Yaradıcılıq studiyasının üzvləri təmsil ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB