18 May-Muzeylər Gününə həsr olunmuş sərgi keçirilib

18 May-Muzeylər Gününə həsr olunmuş sərgi keçirilib

Bu gün Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində 18 May-Muzeylər Gününə həsr olunmuş sərgi keçirilib. SİA-nın verdiyi xəbərə görə, mərasimdə "İçərişəhər" Tarix Muzeyinin direktor müavini Musa Musayev, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin elmi katibi Fəridə Quliyeva, uşaqlar, media nümayəndələri və başqaları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin elmi katibi Fəridə Quliyeva Azərbaycan muzeylərinin beynəlxalq aləmdə tanındığını söyləyib: "Azərbaycan muzeyləri ölkələr arasında hər zaman seçilib. Tarixi abidələrimizə xüsusilə dövlət tərəfindən qayğı göstərilir. Onu da vurğulayım ki, xalçalarımızı tanımayan ölkə yoxdur".

Sonra sərgidə söz alan "İçərişəhər" Tarix Muzeyinin direktor müavini Musa Musayev Ulu Öndər Heydər Əliyevin mədəniyyətimizə böyük dəstəyi olduğunu dilə gətirib: "Ümummilli Lider Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə mədəniyyət müəssələrinə göstərdiyi qayğı danılmazdır. Hazırda da prezidentimiz İlham Əliyevin köməyi hiss olunur".

Daha sonra Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində daimi yaşar şəxsiyyətlərdən Məhsəti Gəncəvi yaradıcılığının 900 illiyinə həsr olunmuş lirik janrda işlənmiş sujetli xalçalardan ibarət sərgi təqdim olunub.

Qeyd edək ki, sərginin sonunda muzeyin uşaq teatrının ifasında "Xalçaların bəhsi" musiqili-tamaşası göstərilib.

Foto müəllifə məxsusdur:

Bütün xəbərlər Facebook səhifəmizdə