N. Nərimanovun Xatirə Muzeyinin yeni ekspozisiyası açılıb FOTOLAR

N. Nərimanovun Xatirə Muzeyinin yeni ekspozisiyası açılıb FOTOLAR

Bu gün 18 may Beynəlxalq Muzeylər Günündə görkəmli yazıçı və ictimai xadim Nəriman Nərimanovun əsaslı təmir və bədii tərtibat işləri həyata keçirilən Xatirə Muzeyinin yeni ekspozisiyasının açılışı olub. SİA-nın məlumatına görə, ilk olaraq çıxış edən muzeyin direktoru Kamilə Hüseynova bildirib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1977-ci il tarixli qətnaməsi ilə N. Nərimanovun xatirə muzeyinin yaradılması qərara alınıb: "O bu binadakı mənzilində ailəsi ilə birlikdə yaşayıb. Hazırda ekspozisiyada N. Nərimanovun həyat və fəaliyyətinin bütün dövrləri əhatə olunub, ictimai-siyasi və dövlətçilik fəaliyyətinin işıqlandırılmasına xüsusi diqqət yetirilib. Ekspozisiyada bu vaxtadək nümayiş olunmayan və məxfi saxlanılan ən yeni materiallardan - sənədlər, fotoşəkillər, qəzet materiallarından istifadə olunub, əsl materiallara (sənədlər, fotolar, şəxsi əşyalara) üstünlük verilib".

Muzeyin direktoru həmçinin vurğulayıb ki, muzeyin ekspozsiyası 4 otaqdan ibarətdir.

Daha sonra çıxış edən mədəniyyət və turizm naziri qeyd edib ki, ekspozisiyanın bu şəkildə qurulmasının əsas səbəbi N.Nərimanov haqqında bu vaxtadək cəmiyyətdə dolaşan ziddiyyətli fikir və sualların təqdim olunan sənədlər əsasında öz dolğun cavabını tapması, N.Nərimanovun görkəmli dövlət xadimi, milli təmayüllü siyasi xadim kimi tarixdəki rolunun aşkar və şəffaf şəkildə təqdim olunmasıdır.

Qeyd edək ki, ekspozisiyanın açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov, Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı, Bakıda fəaliyyət göstərən müxtəlif arxiv və muzeylərin əməkdaşları iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə