Bakıda dünya səviyyəli şou keçiriləcək

Bakıda dünya səviyyəli şou keçiriləcək

Azərbaycanda dünya səviyyəsində ilk illüziya şousu olacaq. SİA-nın verdiyi xəbərə görə, iyun ayının 5-6-da Rus Dram Teatrında tanınmış sehrbazlar tərəfindən maraqlı nümayişlər təqdim olunacaq.

Azərbaycanın ən istedadlı illüziyaçıları Süleyman Məmmədov, Sahadət Bağırov, Xalid Mustafayev, Rasim Səmədov, Ramiz Ələkbərov, Köçəri Rüstəmov və Elxan Məmmədov gecədə öz nömrələrini göstərəcəklər. Kiyevdə beynəlxalq festivalın qalibi Rəşadət Canqudov, Təbrizdən gələn Fərhad və Cavad Təbrizli, intellektual verilişlərin iştirakçısı Anar Əliyev də maraqlı şoular nümayiş etdirəcəklər.

Həmin gün tamaşaçılar həmçinin dünya magiyasının əsl ulduzu, Türkiyə və Çində keçirilən Beynəlxalq İllüziya Festivalının laureatı, Dünya İllüziyaçılar Assosiasiyası "İBM"in üzvü Tofiq İsgəndərlinin maraqlı nümayişinin şahidi olacaqlar.

Nəzərinizə çatdıraq ki, Beynəlxalq "Brilliant birliyi"nin laureatı Arzu Qulamovun təşkil etdiyi şounun aparıcısı Şəmsəddin Abbasov olacaq.

Qeyd edək ki, "Ecazkarlar" adlanan tamaşa saat 20:00-da başlayacaq.

Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə