Forumda Bolqarıstanın sabiq prezidenti də iştirak edəcək

Forumda Bolqarıstanın sabiq prezidenti də iştirak edəcək

Prezident İlham Əliyevin himayəsi ilə "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama" şüarı altında 29 may-1 iyun tarixlərində Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. SİA-nın məlumatına görə, forumun əsas tərəfdaşları qismində YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub mərkəzi, İSESKO, BMT-nin Dünya Turizm Təşkilatı çıxış edir.

Forum çərçivəsində təşkil ediləcək "Cənub-Şərqi Avropa, Qara dəniz və Qafqaz regionunda mədəni dəhlizlər-birgə irs, ümumi vəzifələr, davamlı gələcək" sessiyasına Bolqarıstanın sabiq prezidenti Georgi Pırvanov sədrlik edəcək.

Forumun Proqramına "Dünyanın gələcəyini birgə necə qurmaq lazımdır?", "Qloballaşmanın Yeni Erası: Dəyişən dünyada mədəniyyətdə hibritləşmə", "Mədəni müxtəliflik üçün ictimai dəstəyi necə qurmaq lazımdır?", "Qlobal Vətəndaşlıq: Mədəniyyətlərarası fəaliyyətlərə doğru", "Cənub-Şərqi Avropa, Qara dəniz və Qafqaz regionunda mədəni dəhlizlər-birgə irs, ümumi vəzifələr, davamlı gələcək", "Tarixin tədrisi vasitəsilə Mədəniyyətlərarası Dialoq: ən yaxşı təcrübələr və çətinliklər", "Müsəlman və Qərb dünyası arasında mədəniyyətlərarası dialoqun təşviq olunması", "21-ci əsr üçün mədəniyyətlərarası bacarıqların qurulması", "Turizm - insanlar və mədəniyyətlər arasında qarşılıqlı anlaşma və tolerantlığın əsas aparıcısı kimi", "Mədəniyyətlərarası dialoq: Etiqat və Elm", "XXI əsrdə müxtəliflik üçün urbanizasiya siyasəti: mədəniyyətlərarası şəhər paradiqması", "Mədəniyyətlərarası dialoq, çeşidlilik və təmsilçiliyin təşviqində vətəndaş cəmiyyətinin rolu", "Mədəniyyətlərarası dialoqun və çeşidliliyin təşviqində korporativ sektorun rolu" sessiyaları daxildir.

Forum çərçivəsində Azərbaycanın şərqlə-qərbin, müxtəlif mədəniyyətlərin kəsişməsində yerləşməsi nəzərə alınaraq ilk dəfə Dünya Forumu Nazirlər Konfransı keçiriləcək. Konfrans çərçivəsində "Mədəniyyət və yaradıcılıq mədəniyyətlərarası etimadı necə yarada bilər?", "Mədəniyyətlərarası dialoq üçün birgə əsas: mədəni irs və turizm" sessiyaları olacaq.

Forumda beynəlxalq qurumların rəhbərləri, bir neçə ölkənin hazırki və keçmiş prezidentləri, dünyanın 100-dən çox ölkəsindən nazirlər, ekspertlər, beyin mərkəzlərinin rəhbərləri, alimlər və mədəniyyətlərarası dialoqla məşğul olan mərkəzlərin yüksək səviyyəli nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2011-ci ilin 27 may tarixində imzaladığı sərəncamı ilə Forum hər iki ildə bir dəfə Bakıda keçirilir və tədbirin əlaqələndirici qurumu kimi Mədəniyyət və Turizm Nazirliyi təyin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə