Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar "Heydər Əliyev və sənət müasirləri" adlı sərginin açılış mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, konfransda Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, sənət adamlarından Mikayıl Abdullayev, Tahir Salahov, Toğrul Nərimanbəyov, Nadir Əbdürrəhmanov, Ömər Eldarov, Maral Rəhmanzadə, media nümayəndələri və başqaları iştirak edib.
Tədbiri giriş sözü ilə açan Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev Ulu Öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinə göstərdiyi qayğıdan söz açıb: "Ulu Öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinə göstərdiyi qayğı heç kəsə sirr deyil. Azərbaycan mədəniyyətinin dünyada tanınmasında Ulu Öndərin xidməti danılmazdır. Onu da deyim ki, Heydər Əliyevin sənətə qoyduğu irs əvəz olunmazdır. Biz onun uğurlu siyasətini davam etdirərək gələcək nəslə ötürməliyik".
Daha sonra çıxış etmək üçün söz alan Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov da Ulu Öndərin incəsənət adamlarına olan xoş münasibətindən danışıb: "Heydər Əliyevin Azərbaycan rəssamlığına göstərdiyi qayğı bizlərə yaxşı məlumdur. O, küsülü sənətkarları barışdırır, həmçinin onların problemləri ilə maraqlanıb həll etməyə çalışırdı. Mən Ulu Öndər Heydər Əliyevin incəsənət adamlarına göstərdiyi qayğıdan çox danışa bilərəm. Amma buna zaman yetməz. Odur ki, gənclərimiz bilməlidir ki, Heydər Əliyev dahi şəxsiyyət olub".
Qeyd edək ki, Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən tədbirin açılışı zamanı Ümummilli Liderin Azərbaycan mədəniyyətinə göstərdiyi qayğını əks etdirən foto-şəkillərdən ibarət 70-dən çox foto nümayiş olunub. Bu əsərlər Ümummilli Liderin uzun illər boyu ünsiyyətdə olduğu sənət adamlarının yaradıcılığında önəmli yer tutur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB