"Qızıl Kəlmə" Ədəbi Mükafatı sahiblərinə verildi

"Qızıl Kəlmə" Ədəbi Mükafatı sahiblərinə verildi

Bu gün Mirzə Fətəli Axundzadə adına Milli Kitabxananda Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl Kəlmə" Ədəbi Mükafatının təqdimetmə mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə ilk olaraq çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, bu mükafat 2 ildən bir Ulu Öndər Heydər Əliyevin doğum günü ilə bağlı keçirilir: "Ümummilli lider Heydər Əliyev mədəni irsin təbliğinə, xalqın incəsənətə marağının dirçəlişinə xidmət edən sahələrə xüsusi diqqətlə yanaşırdı. Tarixən zəngin olan Azərbaycan mədəniyyətinin bugünkü səviyyəyə yüksəlməsində Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. Dahi şəxsiyyət mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Elə ona görə də, Heydər Əliyev mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün nəinki mümkün olanları, hətta mümkün olmayanları da edirdi".

Nazir onu da qeyd edib ki, bu il növbəti dəfə kitab sərgisinin keçirilməsi nəzərdə tutulub: "2011-ci ildə keçirilən kitab sərgisində 30-a yaxın ölkə iştirak etmişi. İnanırıq ki, builki sərgidə iştirak edən ölkələrin sayında artım müşahidə olunacaq".

Məlumat üçün bildirək ki, çıxışlardan sonra qaliblər mükafatlandırılıb.

Qeyd edək ki, 2013-cü il üzrə müsabiqəyə 4 nominasiya üzrə (nəsr, poeziya, ədəbi tənqid və publisistika və orijinaldan bədii tərcümə) 30 əsər təqdim edilib. Bütün əsərlər Mükafat Komissiyasının hər bir üzvü tərəfindən oxunub. Komissiya üzvlərinə "Qızıl Kəlmə" Ədəbi Mükafatına təqdim olunan əsərləri qiymətləndirmə cədvəli verilib, komissiya üzvləri hər nominasiya üzrə seçdiyi əsəri xüsusi işarə ilə qeyd edib. Qiymətləndirmə cədvəlinə əsasən alınmış nəticə səsə qoyulub. 4 əsas mükafatla yanaşı bu dəfə də "Qızıl Kəlmə" Ədəbi Mükafatı çərçivəsində daha iki əsəri fərqləndirən "Şans" ödülünün verilməsi də məqsədəuyğun sayılıb. "Qızıl Kəlmə" Ədəbi Mükafatı çərçivəsində "Şans" ödülünə isə Qismətin "Meqapolis hüznləri", Elnarə Akimovanın "Yeni təfəkkür və ədəbi tənqid" kitabları layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə