“Vətən üçün doğulan oğul” FOTO

“Vətən üçün doğulan oğul” FOTO

Bu gün İstiqlal Muzeyinin ekspozisiyasında Sovet İttifaqı Qəhrəmanı milis polkovniki Mehdi Quliyevin 90 illik yubileyinə həsr olunan "Vətən üçün doğulan oğul" adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə ilk olaraq çıxış edən muzeyin direktoru Fəridə Şəmsi M. Quliyev haqqında iştirakçılara geniş məlumat verib.

Tədbirdə həmçinin M. Quliyevə həsr olunan sərgiyə baxış keçirilib. Sərgidə ilk dəfə olaraq Mehdi Quliyevə məxsus muzeydə saxlanılan bütün əşyalar (fotoşəkillər, orden, medallar, sənədlər) tədbir iştirakçılarına təqdim olunub.

Məlumat üçün bildirək ki, tədbirdə muzeyin elmi- ekspozisiya şöbəsinin müdiri Şərafət Məmmədova, Gədəbəy rayonunun Mədəniyyət Mərkəzinin direktoru Etibar Əliyev, Mehdi Quliyevin oğlu Daxili İşlər Nazirliyinin Baş Mühafizə idarəsinin rəis müavini polis polkovniki Sabir Quliyev və başqaları çıxış ediblər.

Tədbirdə Prezident Qvardiyasının, Daxili Qoşunların əsgərləri, Polis Akademiyasının tələbələri də iştirak ediblər.

Qeyd edək ki, Mehdi Quliyev 1923-cü ildə Gədəbəy rayonunun Ərkinaz kəndində anadan olub. 1942-ci ildə Gədəbəy rayon Hərbi Komissarlığından orduya çağırılıb. Kerc yarımadasında əhəmiyyətli əməliyyat meydanını döyüşlə ələ keçirdiyinə görə 1943-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. "Lenin ordeni", "Qızıl ulduz" medalı, iki dəfə "Qırmızı Ulduz" ordeni və başqa medallarla təltif olunub. Polis polkovniki 1976-cı ilin yanvarın 26-da aldığı yaradan vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə