Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan kitab bayramı

Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan kitab bayramı

Bu gün Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi və Azərbaycan Naşirlər və Poliqrafiya Birliyinin təşkilatçılığı ilə Filarmoniya bağında Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan "Kitab bayramı- 2013" keçirilib. SİA-nın məlumatına görə, ilk olaraq çıxış edən mədəniyyət və turizm nazirinin I müavini Vaqif Əliyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin adı bu gün Azərbaycan dövlətinin rəmzi kimi səslənir: "Bugünkü güclü, qüdrətli Azərbaycanı o öz əlləri ilə yaradıb, onun müstəqilliyini yaşadıb, inkişaf etdirib, bütün dünyaya tanıdıb. Xalqımızın dahi şəxsiyyəti, bütün türk dünyasının fəxri Heydər Əliyev məhz belə şəxsiyyətlər sırasında önəmli yer tutub. Ümummilli lider hər zaman elm, təhsil, səhiyyə və digər sahələrlə yanaşı, mədəniyyətə də böyük diqqət və qayğı göstərib. Azərbaycan mədəniyyətinin bugünkü inkişafı da bunun bariz nümunəsidir".

Daha sonra çıxış edən Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev isə vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev ötən əsrin görkəmli siyasi və dövlət xadimi kimi bütün dünyada yaxşı tanınmış və artıq öz sağlığında tarixə düşən nəhəng şəxsiyyətdir: "Azərbaycanın tarixi inkişafının son illərdə yaşadığı hadisələr, qarşılaşdığı olaylar Heydər Əliyev fenomeninin, onun zəkasının, nüfuzunun və dərin təcrübəsinin dövrümüz üçün nə qədər əhəmiyyətli və vacib olduğunu əyani şəkildə göstərib".

Çıxışlardan sonra tədbir iştirakçıları sərgi ilə yaxından tanış olublar. Sərgidə həmçinin Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən elektron kitab da nümayiş olunub.

Məlumat üçün bildirək ki, tədbirdə Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun "Heydər Əliyev ideyalarının zəfər yürüşü" (azərbaycan və rus dillərində) və yazıçı, dramaturq Hüseynbala Mirələmovun "Zərifə Əliyeva" (Azərbaycan, ingilis, rus və ukrayna dillərində) adlı kitabının təqdimat mərasimi olub. Bununla yanaşı, nəşriyyatlar arasında I Ümumrespublika "Kitab sənəti" və , "Mən niyə naşir olmaq istəyirəm?" müsabiqəsinin qaliblərinin təltif olunma mərasimi də keçirilib.

Tədbirdə gün ərzində Bakı şəhəri Musiqi və İncəsənət məktəbləri şagirdlərinin ifasında konsert proqramı təqdim olunub, tanınmış yazıçı və şairlərin kitablarının imza mərasimi keçirilib.

Qeyd edək ki, kitab bayramında 9000 adda 40000 nüsxədən çox kitab sərgilənib. Ölkənin 50-dən çox tanınmış nəşriyyatları, kitab evləri və yayım assosiasiyaları iştirak edərək gələn qonaqlara hədiyyə kitablar təqdim ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə