Teatr direktoru: “Söyüş və ya təhqiramiz sözlərin işlədilməsinə necə icazə verə bilərəm?” MÜNASİBƏT

Teatr direktoru: “Söyüş və ya təhqiramiz sözlərin işlədilməsinə necə icazə verə bilərəm?” MÜNASİBƏT

"İstər uşaq, istərsə də böyüklər üçün olan tamaşalarda artıq ifadələr səslənmir. Sadəcə olaraq adi məişətdə işlətdiyimiz sözlərdən istifadə oluna bilər. Teatrın direktoru olaraq həmin tamaşanın yaranması prosesində iştirak etmişəm. Direktor olaraq tamaşaçıların qulağına xoş olmayan ifadə, söyüş və ya təhqiramiz sözlərin işlədilməsinə necə icazə verə bilərəm? Bu məsələnin haradan qaynaqlandığını çox yaxşı bilirəm. Bu məsələ ilə bağlı həmin insanla da görüşmüşəm". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının direktoru, əməkdar artist Mübariz Həmidov teatrın rejissoru Nicat Kazımovun Novruz bayramı münasibətilə hazırladığı "Şəngül, Şüngül, Məngül" tamaşası haqqında mətbuatda yazılan tənqidi məqaləyə münasibət bildirərkən deyib.

"Tamaşalarda söyüşlərə yol verilmir. Məqalənin müəllifi ilə söhbət zamanı həmin şəxs bir cümlə işlətdi. Heç bir teatra uşağımı aparmaq üçün bilet tapmadım, məcbur olub bura gəldim. Onu xüsusi qeyd edim ki, belə bir söz ziyalı və mədəniyyətlə maraqlanan biri üçün yaraşan hərəkət deyil",- deyə direktor fikirlərinə əlavə edib.

M. Həmidov onu da bildirib ki, teatrlarında elə tamaşalar olur ki, bilet tapmaq olmur: "Həmin insanın fikri, fizionomiyası, dünyagörüşü, səviyyəsi onu göstərdi ki, onun teatrdan heç bir anlayışı yoxdur. Həmin insan o tamaşaya baxmayıb. Bir biletlə 3 nəfər tamaşaya baxmaq istəyirdi. Ancaq tamaşa uşaqlar üçün idi. Bu da təbii ki, mümkünsüzdür. Hər bir yer üçün kassalarda ayrıca bilet ayrılır. Həmin biletlərin bizə aid olan hissəsində yazılıb ki, 3 yaşından yuxarı uşaqlar üçün bilet almaq zəruridir. Bu təlimatdır və buna da riayət etmək hər kəsin borcudur. Buna görə də onun dediyi fikirləri əsassız hesab edirəm. Əgər tamaşada təhqir xarakterli ifadələr varsa, bununla mübarizə aparan ilk insan mənəm. Teatrdan xəbəri olan insan heç vaxt elə fikir səsləndirə bilməz".

Bütün xəbərlər Facebook səhifəmizdə