Şair Ağamir Cavadın 50 illik yubileyi qeyd edilib

Şair Ağamir Cavadın 50 illik yubileyi qeyd edilib

Mayın 1-də şair Ağamir Cavadın anadan olmasının 50 illik yubileyi qeyd edilib. SİA-nın cənub bürosunun verdiyi məlumata görə, respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən şair, yazıçı-publisistlərin toplandığı mərasimi Azərbaycan Yazıçılar Birliyi Lənkəran rayon şöbəsinin sədri İltifat Saleh açaraq bu günlərdə yubileyi qeyd olunacaq ümummilli lider Heydər Əliyevin ədəbiyyata olan yüksək diqqətindən söhbət açaraq onun bu sahədə çalışan insanlara, şair və yazıçılara, ədiblərə göstərdiyi qayğıdan danışıb.

Sonra Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsal Nəsirli çıxış edərək yubilyarı təbrik etdikdən sonra rayonun ictimai həyatında fəal iştirakı və 50 illik yubileyi münasibətilə İcra başçısı Taleh Qaraşovun imzaladığı Fəxri fərmanı ona təqdim edib.

Tədbirdə filologiya elmləri doktoru Yədulla Ağazadənin şair Ağamir Cavadın həyat və yaradıcılığı haqqında geniş məlumat dinlənilib, həmçinin şairin sənət yoldaşları və digər iştirakçılar çıxış edərək onun yaradıcılığı haqqında fikirlərini bölüşərək Ağamir Cavadın şeirlərinin dərin səmimiyyəti, incə duyğuları ilə seçildiyini, onun yüksək sənətkarlıq nümunəsi olan şeirlərində müxtəlif bədii vasitələrin məharətlə işləndiyini bildiriblər.

Maraqlı keçən mərasim boyu şairin yaradıcılıq nümunələrindən müxtəlif parçalar səsləndirilib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə