"Heydər Əliyev və muzeylərimiz"

Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və muzeylərimiz" mövzusunda konfrans keçirib.

SİA-nın verdiyi xəbərə görə, tədbirdə Heydər Əliyev Fondunun, AMEA-nın Arxeologiya və Etnoqrfiya İnstitutunun, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin nümayəndələri, habelə Bakı və rayon muzeylərinin rəhbərləri, AMEA-nın Rəyasət Heyətinin üzvü, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlının, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq doktoru, professor Röya Tağıyevanın, Hüseyn Cavidin ev-muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlının, N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Abbasqulu ağa Bakıxanov adına mükafatın laureatı Gülzar İbrahim qızının, Azərbaycan Milli İncəsənət Muzeyinin direktor müavini Gülyana Məmmədovanın, Cəlil Məmmədquluzadənin ev-muzeyinin direktoru Pərixanım Mahmudovanın, "Şirvanşahlar Sarayı-Kompleksi" Dövlət Tarixi-Memarlıq Qoruq Muzeyinin direktoru Rəna Rzayevanın, Sumqayıt şəhərinin Tarixi Muzeyinin direktoru Oliya İslamovanın, Qəbələ Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi Xalis Məmmədov iştirak edib.

Konfransın əvvəlində Ulu öndər Heydər Əliyevin Azərbaycanın muzey işi tarixində göstərdiyi xidmətləri əks etdirən fotoşəkillərdən ibarət videoçarx nümayiş etdirilib.

Daha sonra Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin Muzey işinin təşkilində innovasiyaların tətbiqi bölməsinin baş metodisti Pakizə Almazova çıxış edib: "Ulu öndər Heydər Əliyev muzeylərin inkişafı üçün əlindən gələni heç vaxt əsirgəməyib. O, iri rayonlarda muzeylər yaradıb və beynəlxalq əlaqələrin inkişafını təmin etdirib. Nəzərinizə çatdırım ki, hazırda 250-dən çox muzey fəaliyyət göstərir".

Tədbir iştirakçıları mövzu ətrafında müzakirələr ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə