Serbiyada ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş klassik musiqi konserti və fotosərgi keçirilib

Serbiyada ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş klassik musiqi konserti və fotosərgi keçirilib

Azərbaycan Respublikasının Serbiya Respublikasındakı səfirliyi və Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tanınmış Azərbaycan, serb və dünya bəstəkarlarının klassik musiqi əsərlərindən ibarət konsert və ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotosərgi keçirilib.

Belqrad şəhərinin "İvo Lola Ribar" Mədəni-bədii özfəaliyyət cəmiyyətinin konsert salonunda təşkil edilmiş tədbirdə Serbiyanın dövlət və hökumət rəsmiləri, deputatlar, səfirlər, diplomatik korpusun üzvləri, tanınmış musiqiçilər və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri, Serbiya-Azərbaycan ticarət-iqtisadi Palatasının üzvləri, bu ölkədə çalışan, yaşayan və təhsil alan azərbaycanlılar, KİV nümayəndələri iştirak ediblər.

Qonaqlar ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olduqdan sonra Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Novi Sad şəhərinin İncəsənət Akademiyasının professoru Zərifə Əlizadə çıxış edərək konsert və fotosərginin ümummilli liderin 90 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərin tərkib hissəsi olduğunu bildirib.

Daha sonra Azərbaycan Respublikasının Serbiyadakı səfirliyinin müşaviri Cavanşir Məcidov çıxış edərək, ümummilli lider, görkəmli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda, ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olunmasında əvəzsiz xidmətlərindən və xilaskar rolundan bəhs edib. O, azərbaycançılıq, milli birlik, sosial ədalət, əhalinin sosial rifahı, Azərbaycanın ərazi bütövlüyü kimi ideyalara söykənən müstəqil, tərəqqi edən və siyasi cəhətdən sabit inkişaf modelinin əsasının məhz ulu öndər tərəfindən qoyulduğunu, bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb, onlara xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə göstərdikləri dərin hörmət və ehtirama görə minnətdarlığını bildirib.

Tədbirdə bir neçə dəfə Azərbaycanda səfərdə olub və ulu öndərimiz, eləcə də onun ailə üzvləri ilə şəxsən tanış olan məşhur serb müğənnisi və mədəniyyət xadimi xanım Radmila Karaklaiç səhnəyə çıxaraq ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb.

Azərbaycanda sonuncu dəfə 1984-cü ildə olduğunu vurğulayan R.Karaklaiç, böyük qonaqpərvərliyi ilə seçilən ölkəmiz və xalqımız haqqında xoş sözlər söyləyib, ümummilli lider Heydər Əliyev və onun ailə üzvləri ilə tanışlığından bəhs edib, xatirələrini danışıb.

Bakıdakı konsert proqramlarından birindən sonra ümummilli liderin ailəsi tərəfindən nahara dəvət edildiyini, bir müddət sonra isə onların dəvəti ilə Moskva şəhərində ulu öndərin özü ilə də tanış olduğunu məmnunluqla xatırlayan müğənni, Əliyevlər ailəsinin onun qəlbində səmimi, gözəl, mədəniyyət və incəsənətə dəyər verməyi bacaran ailə kimi dərin iz qoyduğunu vurğulayıb.

Daha sonra konsert olmuş, Belqrad şəhərinin "Lola klasik" orkestri və Novi Sad şəhərinin İncəsənət Akademiyasının "Üzeyir Hacıbəyli təqaüdü"nə layiq görülən tələbələri tanınmış Azərbaycan, serb və dünya bəstəkarlarının klassik musiqi əsərlərini ifa ediblər.

Tədbirin sonunda iştirakçılara səfirlik tərəfindən serb dilinə tərcümə olunaraq nəşr etdirilmiş "Görkəmli şəxsiyyətlərin həyatı" silsiləsindən ulu öndərə həsr olunmuş kitab və xüsusi olaraq ümummilli liderin 90 illik yubileyi ilə əlaqədar dərc etdirilmiş "Dünya liderləri Heydər Əliyev haqqında" kitabçası paylanıb.

Fotosərgi və konsert Serbiya ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb və ölkə mətbuatında geniş işıqlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə