Ustad Aşığın 80 illiyi təntənə ilə qeyd olunacaq

Ustad Aşığın 80 illiyi təntənə ilə qeyd olunacaq

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyi (ABAİ İB) özünün növbəti mədəni layihəsi çərçivəsində ustad aşıq – Tovuz Aşıqlar Ansamblının başçısı, Aşıq Ələsgər Tağıyevin sənətə gəlişinin 55 illiyi münasibəti ilə ədəbi-bəddi gecə hazırlayıb. SİA-nın məlumatına görə, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin Azərbaycan Aşıqlar Birliyi ilə əməkdaşlıq ortamında təşkil olunan gecədə respublikamızın tanınmış saz-söz adamları, xanəndələr, elm xadimləri, QHT və KİV təmsilçiləri iştirak edəcəklər.

Qeyd edək ki, gecədə Aşıq Ələsgər Tağıyevin ABAİ İB-in dəstəyi ilə yenicə çapdan çıxımış "Elim mənə ilham verib" adlı şeirlər kitabı da təqdim olunacaq. "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB-nin dəstəyi ilə çıxan kitabda aşığın müxtəlif illərdə yazdığı divani, gəraylı, qoşma, müxəmməs və s. janrda aşıq şeirləri, o cümlədən aşığın dillər əzbəri olan söyləmələri yer alıb. Ön sözünü millət vəkili, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin sədri Qənirə Paşayevanın yazdığı kitabın birinci bölümü Aşıq Ələsgər Tağıyevin müxtəlif illərdə iştirakçısı olduğu festival və simpoziumlardan, çıxış etdiyi səhnələrdən, görüşdüyü əmək kollektivləri ilə şəkilləri verilib. Kitabın aşıq sənəti ilə maraqlanan, şeir-sənət həvəskarları üçün maraqlı olacağına inanırıq.

"İrfan" nəşriyyatında nəfis tərtibat ilə çapdan çıxan kitabı tərtib edənlər – Ramiz Hümbətov, Eldar Ələsgəroğlu, redakrotu Əkbər Qoşalıdır. Kitaba xalq şairi Zəlimxan Yaqub, professorlar Nəsir Əhmədli və Qəzənfər Paşayev rəy verib.

Qeyd edək ki, "Elim mənə ilham verib" kitabı "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB-nin təşkilatçılığı ilə Aşıq Ələsgər Tağıyevin anadan olmasının 80, sənətə gəlməsinin 55 illiyi münasibətilə keçirilən ədəbi-bədii gecədə ictimaiyyətə təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə