Gənc Film İstehsalçıları Assosiasiyası (AGFİA) art jurnalistlərə və sənətlə maraqlanan gənclərə ünvanlanmış master- klaslara start verir. İlk silsilədə sənətşünas Aydın Talıbzadə, filosof Aydın Əlizadə və professor Aydın Dadaşovun mühazirələri nəzərdə tutulur. Gənc Film İstehsalçıları Assosiasiyasının rəhbəri Əli İsa Cabbarov SİA-ya açıqlamasında belə master- klaslara böyük ehtiyac olduğunu bildirib.
"Assosiasiyanın layihələrindən olan "Fokus" analitik kino jurnalını həyata keçirərkən hiss edirdik ki, müasir incəsənətdə, kinematoqrafiyada gedən proseslərdən heç də həmişə məlumatlı deyilik.Nə qədər qəribə də olsa internet, televiziya məlumatsızlıq problemini tam həll etmir. Orta və ali məktəblərdə keyfiyyətli və akademik təhsilin olmaması özünü göstərir. Ekspertlərlə, masterlərlə canlı ünsiyyətə və fikir mübadiləsinə ehtiyac var. Layihənin əsas məqsədi iştirakçıların məlumatlılıq səviyyəsinin artırılması, bədii analizin dərinləşdirilməsi və peşəkarlaşdırılmasıdır. Mühazirələrin mövzularını seçəndə bu aspektdən yanaşırıq. Məsələn, Aydın Talıbzadənin mühazirəsi "Teatr və Kino: Fokusda müharibədir", filosof Aydın Əlizadənin mühazirəsinin mövzusu "Azərbaycan incəsənətində və kinosunda "küçə" fəlsəfəsinin tətbiqi" adlanır. Professor Aydın Dadaşov isə müasir Azərbaycan kinosunun problemlərindən danışacaq",- deyə o fikirlərinə əlavə edib.
Assosiasiyasının rəhbəri həmçinin qeyd edib ki, mühazirələr cümə günləri saat 19:00-da "Yuğ" teatrında keçiriləcək. İlk mühazirəni aprelin 19-da Aydın Talıbzadə aparacaq.
Qeyd edək ki, master-klaslar AGFİA-nın "Fokus" Yaradıcı Gənclərin Kino Evi" layihəsi çərçivəsində həyata keçirilir. Layihə Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən maliyyələşir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB