Azərbaycan Dillər Universitetində "Afaq Məsud yaradıcılığı intermediallıq kontekstində" mövzusunda tədbir keçirilib. Tədbirdə ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov, yazıçı, dramaturq, əməkdar incəsənət xadimi, Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, "Xəzər" dünya ədəbiyyatı jurnalının baş redaktoru Afaq Məsud, universitetin Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev, Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Məcid Əliyev, Filologiya və Jurnalistika fakültəsinin dekanı, professor Sevda Vahabova və universitetin professor- müəllim və tələbə heyəti iştirak edib.
Tədbiri giriş sözü ilə açan rektor Səməd Seyidov bildirib ki, yazıçının əsərləri nə qədər oxunsa da o əsərlər öz statuslarını dəyişməyəcək, oxucu kütləsinin hər zaman diqqət mərkəzində, maraq obyektində olacaqlar. Səməd Seyidov Afaq Məsudun qeyr-adiliyi, müasirliyi öz əsərlərində əks etdirən yazışı olduğunu vurğulayıb. Rektor dünyanın inkişafını, ümummilli lider Heydər Əliyevin möhkəmləndirdiyi azərbaycançılığı özündə hiss etmək istəyən hər kəsə Azərbaycan ədəbiyyatını yüksək zirvələrə qaldıran Afaq Məsud yaradıcılığından bəhrələnməyi tövsiyyə edib. Səməd Seyidov ADU-da bir çox görkəmli insanların qonaq olduğunu xatırlatdı və bu tarixdə də Afaq Məsudu bu universitetdə görməkdən məmnunluğunu ifadə edib.
Sonra çıxış edən tədbirin təşkilatçısı, Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, professor Svetlana Cəbrayılova Afaq Məsud yaradıcılığının bu günümüzü çox yaxşı əks etdirən və bu günkü gənc nəslin klassik kimi qəbul etdiyi yazıçı olduğunu söyləyib.
Daha sonra Afaq Məsud tədbir iştirakçılarını salamlayıb və ADU-nu özünə doğma ocaq bildiyini söyləyib. Yazıçı ADU heyəti ilə artıq beşinci dəfə təşkil olunmuş bu görüşdən şad olduğunu vurğulayıb və hər zaman görüşə məmnun olduğunu bildirib.
Filologiya və jurnalistika fakültəsinin magistratura pilləsinin 216-cı qrup tələbəsi Nigar Rəsulova" Afaq Məsud yaradıcılığı intermediallıq kontekstində" mövzusu ilə çıxış edib. Tələbə Afaq Məsud yaradıcılığının daima inkişaf etdiyini, zənginləşdiyini söylədi və bu dövrdə "Qatarın altına atılan qadın", "Kərbəla" kimi mövzu baxımından tamamilə fərqli iki pyes təqdim etdiyini vurğulayıb.
Həmin fakültənin magistratura pilləsinin 216-cı qrup tələbəsi Aytən Şərif "Afaq Məsud və İeronim Bosx nəsri" mövzusunda məruzəsi ilə çıxış edib. O, yazıçının "İzdiham" romanını Niderland rəssamı İeronim Bosxun rəsm əsərləri ilə bənzətmələri təhlil edib.
Sonra söz fakültənin magistratura pilləsinin 216-cı qrup tələbəsi Sabina Əyyubluya verilib. O, "Afaq Məsud yaradıcılığı və Qərb ədəbiyyatı" mövzusunda olan çıxışında yazıçının bir sıra roman, pyes, tərcümə və məqalələri haqqında danışdı və onların dünya ədəbiyyatının nümayəndələri ilə təzad və bənzətmələri analiz edib.
Daha sonra Filologiya və Jurnalistika fakültəsinin magistratura pilləsinin 217-ci qrup tələbəsi Mətanət Atakişiyeva "Afaq Məsud dramaturgiyası" haqqında danışıb.
Tədbirin davamında Afaq Məsud universitet heyətini maraqlandıran sualları cavablandırıb.
Xatırladaq ki, yazıçı, dramaturq, əməkdar incəsənət xadimi Afaq Məsud 1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, "Xəzər" dünya ədəbiyyatı jurnalının baş redaktorudur. Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib. "Üçüncü mərtəbədə" (1976), "Şənbə gecəsi" (1980), "Keçid" (1984), "Tək" (1987), "İzdiham" (1991), "Subbotniy veçer" (Moskva 1984) "Azadlıq" (1997), "Yazı" (2005) kitabları nəşr edilib. "Can üstə", "O məni sevir", "Yol üstə" pyeslərinin müəllifidir. Q. Q. Markesin "Patriarxın payızı", T. Vulfun "Dünyanın hörümçək toru" romanlarını, qədim sufi əlyazmalarını – M. Nəsifinin "Mövcudluq haqqında həqiqət", Ə. Qəzalinin "Səadət iksiri", "Oğluma məktub", "İlahi bilik", İbn Ərəbinin "Məkkə açıqlamaları" və sair əsərləri azərbaycan dilinə tərcümə edib. Əsərləri əsasında "Sərçələr" və "Qonaqlıq" televiziya tamaşaları "Gecə", "Cəza" filmləri çəkilib. "Can üstə", "O məni sevir" pyesləri "Yuğ" Dövlət teatrında səhnəyə qoyulub.
"Humay" Milli Akademiyası mükafatı laureatıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB