Niderlandda Azəbaycanın mədəniyyət günü keçirilib

Niderlandda Azəbaycanın mədəniyyət günü keçirilib

ARDNŞ-nin Xarici Təqaüd Proqramının təqaüdçüsü Ülviyyə Quluzadənin təşkilatçılığı və ARDNŞ-nin maliyyə və texniki dəstəyi ilə Niderland Krallığı Erasmus Rotterdam Universitetində "Azərbaycan Mədəniyyət Günü" keçirilib. SİA-nın məlumatına görə, universitetin Forum zalında baş tutan bu tədbirdə Azərbaycan Respublikasının tarixi, mədəniyyəti, iqtisadi nailiyyətləri geniş şəkildə tədbir iştirakçılarına çatdırılıb, ölkəmizin musiqisi, mətbəxi, turizm potensialı, o cümlədən neft sektorunun inkişafında ARDNŞ-nin rolu, TANAP və Nabucco kimi irimiqyaslı layihələr ilə bağlı videoçarxlar və şəkillərlə müşayiət olunan təqdimat nümayiş etdirilib. Tədbiri giriş sözü ilə açan Erasmus Rotterdam Universitetində Mühasibat və Maliyyə ixtisası üzrə magistr təhsili alan Ülviyyə Quluzadə belə bir tədbirin təşkilində iştirakından qürur duyduğunu, ölkəmizin təbliğinin xaricdə təhsil alan hər bir həmvətənimizin mənəvi borcu olduğunu vurğulayıb, bu məsuliyyətli və çətin vəzifənin öhdəsindən gəlməkdə hərtərəfli dəstək olan ARDNŞ və onun rəhbərliyinə dərin təşəkkürlərini bildirib.

Qeyd edək ki, tədbir AzSA-EUR-in (Erasmus Rotterdam Universiteti Azərbaycanlı Tələbə Assosiyasiyası) aktivləri Şahin Alıyev, Musa Mustafazadə, Ayla Abbasova, Səbuhi Alıyev və Orxan Abdullayevin iştirakı ilə baş tutub. Tədbirdə ARDNŞ-nin İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli və Təlim və inkişaf şöbəsinin rəisi Mahal Mehdiyev, Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyinin əməkdaşları, Erasmus Rotterdam Universitetinin professor-müəllim və tələbə heyəti, həmçinin Niderland Krallığının Utrext, Leiden, Maastrixt, Tvente universitetlərində təhsil alan 100-dən artıq azərbaycanlı və xarici tələbə iştirak edib.

Məlumat üçün bildirək ki, tədbir iştirakçılarının sayı və tərkibinə, o cümlədən təşkil olunma formasına görə Erasmus Rotterdam Universiteti tarixində bir ilk olub.

Bütün xəbərlər Facebook səhifəmizdə