Tatarıstanın paytaxtı Kazan şəhərində "Avropa- Asiya" XI Beynəlxalq Musiqi Festivalı keçirilb. Festivalda yerli əsərlərlə yanaşı 24 ölkənin, o cümlədən Azərbaycan, İsveçrə, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Qazaxstan, Vyetnam və Çin bəstəkarlarının yaradıcılıq nümunələri ifa olunub. Bu barədə SİA-ya festivalda ölkəmizi təmsil edən Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Sərdar Fərəcov məlumat verib.
Festivaldan xoş təəssüratlarla qayıdan S.Fərəcovun sözlərinə görə, iştirakçılar arasında türkdilli xalqların nümayəndələri üstünlük təşkil ediblər: "Tədbirdə Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Azərbaycan, Tatarıstan,Türkiyə dövlətləri böyük heyətlə təmsil olunurdular. Bununla yanaşı, ABŞ, İsveçrə, Vyetnam bəstəkarları da bu festivalda iştirak edirdilər. Yeri gəlmişkən, əldə olunan razılığa görə, gələn il bu festival Vyetnamda keçiriləcək. Rəşid Kalimullinlə Vyetnam bəstəkarlarının rəhbərliyi belə razılığa gəliblər ki, bundan sonra festival bir il Kazanda, digər il də Hanoyda keçirilsin. Həm Qırğızıstanda, həm də Qazaxıstanda bu dəfəki festivalda ifa olunan əsərlərdən ibarət konsertlər keçiriləcək. Festivalda iştirak edən TÜRKSOY-un baş katibi Düsen Kasseinov bu festivalın təkrarının Türkiyədə təşkil olunmasını təklif etdi".
Ölkəmizin bu festivalda yüksək təmsil olunduğunu deyən bəstəkar yerli tamaşaçılar tərəfindən musiqilərimizə böyük maraq olduğunu bildirib: "Bu festivalda Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadənin simfonik orkestr üçün bəstələdiyi "Metomorfoza" və mənim simli orkestr üçün yazdığım "Xalq şənliyindən səhnələr" adlı süita ifa olundu. Hər iki əsərə Tatarıstanın məşhur dirijorlarından olan Rüstəm Abyazov dirijorluq etdi. Bununla yanaşı kamera musiqisi konsertləri də maraqlı idi. Bu konsertlərdə Azərbaycanı çox gənc olmasına baxmayaraq virtuoz kamança ifaçısı, Milli Konservatoriyanın I kurs tələbəsi Mədinə Şahgəldiyeva və onu fortepianoda müşayət edən Sevinc Kərimova təmsil edirdi. Fikrət Əmirovun "Muğam" poeması, Süleyman Ələsgərovun "Tarantello", Dadaş Dadaşovun "Kapriçço"su həmçinin mənim "Qayıt" lirik-kompozisiyam ifa edildi".
Qeyd edək ki, S.Fərəcov özü də konsertlərdən birində tarda ifa edib.
"Tar çalmağımı Rəşid Kalimullin bilirdi və əvvəlcədən məndən xahiş etdi ki, tarı da özümlə gətirim. Mən orda "Şur" muğamını ifa etdim", - deyə Bəstəkarlar İttifaqının katibi fikirlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB