Akademik Milli Dram Teatrı beynəlxalq əlaqələrin qurulması və möhkəmləndirilməsi istiqamətində işlərini davam etdirir. Son illər ərzində dünyanın bir çox ölkələrinin qabaqcıl teatrları ilə qarşılıqlı əməkdaşlıq əlaqələri yaradılıb. "GUAM-ın teatr məkanı" teatr layihəsi çərçivəsində Akademik Milli Dram Teatrı ilə Gürcüstan teatrları arasında sıx qarşılıqlı əməkdaşlıq əlaqələri qurulub və bir sıra beynəlxalq layihələr həyata keçirilib. Azərbaycan-Gürcüstan teatr əlaqələrinin davamı olaraq Akademik Milli Dram Teatrı Tbilisidə qastrol səfərində olub. SİA-nın məlumatına görə, Teatr gürcü tamaşaçılara bu dəfə Xalq yazıçısı Elçinin eyniadlı əsəri əsasında Mehriban Ələkbərzadənin quruluşunda hazırlanmış "Qatil" tamaşasını təqdim edib.
Akademik Milli Dram Teatrının "Qatil" tamaşası K.Marcanişvili adına Gürcüstan Dövlət Akademik Dram Teatrının səhnəsində nümayiş olunub. Tamaşada Gürcüstanın teatr ictimaiyyəti və KİV nümayəndələri də iştirak edib. Bakıda böyük uğurla nümayiş olunan tamaşa Gürcüstan tamaşaçıları tərəfindən rəğbətlə qarşılanıb.
Tamaşanın quruluşçu rejissoru Mehriban Ələkbərzadə, səhnə tərtibatçısı İlham Elxanoğlu, bəstəkarı Aygün Səmədzadə, işıq üzrə rəssamı Rafael Həsənovdur. Tamaşada əsas rolları xalq artisti Səidə Quliyeva (Qonşu), əməkdar artistlər Münəvvər Əliyeva (Qadın), Elxan Quliyev (Polis) aktyor Hikmət Rəhimov (Oğlan) oynayıb.
"Qatil" tamaşası təhnalığa həsr olunub. Tamaşanın süjeti təhna kimya müəlliməsinin faciəli həyatı üzərində qurulub. Saxtakar, yalançı, fırıldaqçı Oğlan, başı ancaq şagirdlərinə qarışan, tənha, yaşı ötmüş, sevgi gözləyən müəllimənin həyatına girir. O, yalanlarla saf qadının təmiz hisslərinin qatili olur. Müəllimənin evini və ürəyini zəbt edən Oğlan sonda onu qatil edir.
Sosial dəyişikliklər fonunda dərin mənəvi-psixoloji reallıqları əks etdirən səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB