Tanınmış rusiyalı aktyor, Rusiyanın əməkdar artisti Leonid Kanevski Azərbycana gəlib. SİA-nın məlumatına görə, aktyor dünyada məşhur olan müalicəvi Naftalan neftinin təbliği ilə bağlı reklam çarxının çəkilişlərində iştirak edib. Bir həftə müddətində reklam çarxının çəkilişində olan Leonid Kanevski səfərindən və gün-gündən gözəlləşən Bakını növbəti dəfə görməkdən məmnunluğunu bildirib.
Xatırladaq ki, məşhur aktyor hələ 1968-ci ildə populyar sovet kinokomediyası olan "Brilyant əl" filminin çəkilişi zamanı ilk dəfə Bakıda olmuşdu. Həmin filmin bəzi səhnələri paytaxtımızda - İçərişəhərdə lentə alınıb və Leonid Kanevski küçədə yıxılaraq huşunu itirən sovet turisti Semyon Qorbunkovun (aktyor Yuri Nikulin) qoluna gips (eyni zamanda qızıl və daş qaş) qoyan kontrabandaçı rolunda çəkilib. Bu dəfə isə aktyor həmin səhnəni Naftalan nefti ilə bağlı reklam çarxında oynamalı olub.
Sənətçi bildirib ki, məşhur kinolentdəki epizodu belə bir reklam çarxında təzədən oynamaq onun üçün çox sevindirci idi. Aktyorun sözlərinə görə, bu, sadəcə, reklam xətrinə görülən iş deyil: "Mən həqiqətən də Naftalanı çox bəyəndim və onun müalicəvi imkanlarını təbliğ etməyə razılaşdım".
Leonid Kanevski Bakıya gəldiyi illəri xatırlayaraq şəhərimizin çox dəyişdiyini, yeni tikililərin onu valeh etdiyini, insanların qonaqpərvərliyinin isə həmin illərdəki kimi qorunub saxlanıldığını dedi. Onu da qeyd edək ki, sovet dövründə "İstintaqı bilicilər aparırlar" ("Следствие ведут знатоки") adlı çoxseriyalı televiziya filmində mayor Tomin rolu ilə şöhrət tapan Leonid Kanevski 2006-cı ildən Rusiyanın NTV telekanalında "Следствие вели..." sənədli serialının aparıcısıdır. O, sənədli teleserialın növbəti bölümünün çəkilişi ilə bağlı bir neçə il əvvəl Bakıda olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB