Ebrahim Ehrarinin 75 illik yubiley sərgisi açılıb

Ebrahim Ehrarinin 75 illik yubiley sərgisi açılıb

Bu gün Muzey Mərkəzinin sərgi qalereyasında Almaniyada yaşayan azərbaycanlı rəssam, əməkdar incəsənət xadimi Ebrahim Ehrarinin 75 illik yubiley sərgisi təşkil olunub. SİA-nın məlumatına görə, sərginin açılışında iştirak edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, rəssam gənclik illərindən müxtəlif sərgilərdə iştirak etməyə başlayıb, sərgi təşkilatçısı kimi fəal ictimai işlərə qoşulub: "Dövlət müstəqilliyimizin bərpasından sonra Almaniyada fəaliyyətə başlayan Azərbaycan Səfirliyi və diaspor təşkilatları ilə əməkdaşlıq etməyə başlayıb. 2007-ci ildə əsası qoyulmuş "Berlin-Bakı" Qalereyasının rəhbərlərindən biridir".

Çıxışlardan sonra sərgi iştirakçıları sənət əsərləri ilə yaxından tanış olublar.

Məlumat üçün bildirək ki, Ebrahim Ehrari 1938-ci ildə cənubi Azərbaycanın Urmiya şəhərində anadan olub. 1966-cı ildə Avropaya səfər edən Ebrahim Ehrari Berlin İncəsənət İnstitutunun İnformasiya qrafikası və dizayn fakültəsində professorlar Volfqanq Lüdviq və Hans Forçun sinfində təhsil alıb. 1973-cü ildən Tehran İncəsənət Universitetində çalışıb Universitetin Tətbiqi sənət şöbəsinin dosenti olub. 1975-ci ildə yenidən Avropaya qayıdaraq, Berlində incəsənət tarixini öyrənib. 1976-cı ildən Berlin peşəkar rəssamlar birliyinin üzvüdür.

Almaniya paytaxtının Şteqlits-Selendorf inzibati dairəsində 1892-ci ildə yaradılan məşhur Qotfrid-Benn kitabxanasının həyətində, 2011-ci il may ayının 30-da ucaldılmış "Xocalı" abidəsinin təşəbbüskarı və müəlliflərindən biridir. 2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin "Zirvə" Mükafatına layiq görülüb. Prezidentin müvafiq Sərəncamına əsasən Ebrahim Ehrariyə əməkdar incəsənət xadimi fəxri adı verilib.

Qeyd edək ki, sərgidə rəssamın rəngkarlıq və qrafika əsərləri təqdim olunub. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunan sərgi aprelin 8-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə