Ermənilər aktyorlarımıza hücum etdi

Dövlət Pantomima Teatrında mart soyqırımı “Unutmayaq” tamaşası ilə yad edildi
Ermənilər aktyorlarımıza hücum etdi

Azərbaycan xalqının yaddaşında silinməz iz buraxan 31 mart soyqırımı Pantomima teatrının səhnəsində də yan keçmədi. SİA-nın məlumatına görə, hər zaman fərqli tamaşaları ilə seçilən və demək istədiklərini jest və hərəkətlərlə çatdıran Dövlət Pantomima Teatrında mart soyqırımı "Unutmayaq" tamaşası ilə yad edildi.

Tamaşada bəy rolunu ifa edən teatrın direktoru, əməkdar artist və aktyor Elman Rəfiyev bizimlə söhbətində bildirdi ki, Xocalı soyqırımına həsr olunan səhnə əsəri keçən il Parisdə nümayiş olunub: "Baş rolun ifaçı Bəhruz erməni obrazını necə təbii oynamışdırsa, Azərbaycan səfirliyindən gələn xanımın əkiz uşaqları tamaşadan sonra ona yaxınlaşa bilmirdilər. Deyirdilər ki, sən ermənisən. Hesab edirəm ki, bu tamaşa bütün uşaqlarımız baxmalıdır. Çünki bu bizim ən ağrılı yerimizdir. Dərs dediyim 5-6-cı sinfin uşaqlarının hamısını bu tamaşaya baxmağa gətirmişəm".

Gənc nəsli belə tamaşalara gətirməzdən əvvəl onlara tarixi faciələrimiz haqqında ətraflı məlumat verməyin tərəfdarı olduğunu deyən direktor: "Hətta tamaşadan sonra dərs dediyim şagirdlərimə təklif etdim ki, tamaşadan sonra öz fikirlərini yazsınlar",- deyə əlavə edib.

E. Rəfiyev həmçinin qeyd edib ki, səhnə əsəri Xocalı soyqırımına həsr olunsa da bu bir tarixi hadisədir: "Bu cür vəhşiliklər hər yerdə olub. Ən dəhşətlisi isə Xocalıda olub. Tamaşanın ilk premyerası Berlində olub. Almaniyada oynayarkən tamaşadan sonra professor qadın gəlib qarşımızda diz çökdü və aktrisamız Nargiləni qucaqlayıb ağladı. Almaniyada tamaşamızın əsas qəhrəmanı olan o balaca qız oturmuşdu. Baxmayaraq ki, tamaşanın sonunda onu ölü kimi verdik, lakin həmin qəhrəman hələ də sağdır. Tamaşanın əvvəlindən sonuna qədər göz yaşları tökdü. Səhnə əsərinin sonunda onun ölümünü simvolik kimi götürmüşdük. Əsərdə onu göstərmək istədik ki, ermənilər hətta balaca körpəyə belə yazıqları gəlmir. Düşünürəm ki, istədiyimizi ala bildik. Hətta tamaşaçı o qədər şokda olur ki, sonda əl çalmağı belə unudurlar".

Əməkdar artist sonda onu bildirdi ki, vaxtı ilə Şuşada əyləncəli tamaşa oynamaq onun bəxtinə düşüb: "İnanıram ki, yaxın gələcəkdə də eyni hadisə yenidən olacaq, çünki tarix təkrarlanır. Kiminsə qəlbində vətən sevgisi varsa, o heç vaxt bu tarixi unutmayacaq".

Zəngilanlı biri kimi erməni obrazını ifa etmək çətin deyildi sualına baş rolun ifaçısı Bəhruz Vaqifoğlunun cavabı belə oldu: "Həmin hadisələri yaşayan insanlardanam. Gücüm çatmazdı, buradakı aktyorlara deyim ki, necə erməni obrazı istəyirəm. Bəzi teatrlarda soyqırımlarla bağlı bir sıra tamaşalar səhnələşdirilir. Orada ermənilər qorxaq kimi verilir. Ancaq mən oynadığım bu tamaşada ermənini çox iyrən bir obrazda göstərməyə çalışdım. Ermənidən qorxmasınlar, ona nifrət etsinlər".

"Bu tamaşanı ərsəyə gətirənə qədər hər gün demək olar ki, Xocalı soyqırımını yaşayırdıq. Erməni rolunu ifa etməyimə baxmayaraq, məni sakitləşdirmək mümkün deyildi. Aktyor yoldaşlarımı mənimlə birlikdə ağlamaqdan dayana bilmirdik. Hamımız üçün çox ağır idi belə tamaşanı oynamaq. Erməni rolunu canlandırsam da hər halda azərbaycanlıyam",- deyə baş rolun ifaçısı fikirlərinə əlavə edib.

Səhnə əsərinin rejissoru Bəhruz Vaqifoğlu deyir ki, bu tamaşanı təkcə Xocalı soyqırımına yox, bütün dünya soyqırımına aid etmək olar. B.Vaqifoğlu səhnə əsərinin süjet xəttindən də danışıb: "Amansız cinayətlər törətməkdən ötrü silahını itiləyən erməni və müharibə şəraitində olmasına baxmayaraq, öz sakit həyatlarını yaşayan Xocalı sakinləri təsvir edilir. Bu xoş günlərin birində erməni ordusunun gözlənilməz hücumu və xocalıların canlarını qurtarmaq üçün pərən-pərən düşməsi, insanların əsir düşməməsi üçün öz övladını əlləri ilə boğub, səsini kəsən ana obrazı var. Erməni ordusu acgözlüklə ətrafda insanları axtarır, planlar qurur, nəhayət bir həll tapıb onların arxasınca meşəyə dağılmış dinc xocalıları vəhşicəsinə öldürməyə, heç yerdə analoqu olmayan bir soyqırım tarixi yazmağa gedirlər. Meşədə azmış, taqətdən düşmüş, ah-nalə içində Xocalı sakinləri erməni cəlladları ilə qarşılaşır, mühasirəyə alınır və amansızcasına qətlə yetirilir. Bizim burda göstərəcəklərimiz Xocalıda baş verənlərin 1%-i belə deyil".

36 dəqiqəlik tamaşada əsas rolları Bəhruz Vaqifoğlu, əməkdar artistlər Nargilə Qəribova, Elman Rəfiyev, aktyorlar Səbinə Hacıyeva, Əflatun Abdullayev, Ceyhun Dadaşov, Əli Əlizadə, Elnur İsmayılzadə, Rafiz Mehdizadə, Nurlan Rüstəmov ifa edib.

Bütün xəbərlər Facebook səhifəmizdə