Bu gün xalq artisti Şəfiqə Məmmədovanın dünyaya gəlməsindən 68 il ötür. SİA-nın məlumatına görə, teatr və kino tariximizdə çılğın, təkrarsız obrazları ilə sevilən səhnəmizin "Sofi Loreni"- Şəfiqə Məmmədova 1945-ci il martın 30-da Dərbənddə doğulub. Taleyin qisməti ilə ailəsi Bakıya köçən Şəfiqə Məmmədova burada incəsənət institutunu bitirib.
Son dövrlərdə heç bir filmə çəkilməyən sənətkar özünə uyğun obraz olmadığını deyir. Bunun səbəbini ssenaristlərdə görür: "Uyğun deyil mənə. Heç bir ssenarini özümə aid görmürəm. Yaratdığım elə bir iş yoxdur. Bilirsiz, mən elə öz dövrümdə də istəyirdim, çəkilirdim, istəmirdim çəkilmirdim. Məndə seçim həmişə vardı".
Şəfiqə Məmmədova Teatr İnstitutunun Musiqili Komediya aktyorluğu fakültəsini bitirib. Milli Dram Teatrının səhnəsində "Hamlet", "Nakam qız", "Canlı meyit", "Ana torpağı", "Xəyyam'', "Dəli yığıncağı" kimi tamaşalarda maraqlı obrazlar oynayıb. Kino aktrisa kimi də özünü sınamaq qərarına gələn Şəfiqə Məmmədova tamaşaçı yaddaşında elə filmlərdəki rolları ilə dərin iz buraxıb. "Ad günü"ndə Fəridə, "Bizim Cəbiş müəllm"də Cəbişin arvadı, "İstintaq"dakı Gulya rolları xarakter etibarı ilə bir-birinə bənzəsə də, "Dədə Qorqud"dakı Burla xatun onlardan fərqlənir.
Hər rolunda qadın qürurunu, ana qayğısını məharətlə göstərə bilən Şəfiqə Məmmədovanın "Qaraca qız"da oynadığı Pəricahan xanım obrazı real ifa tərzi ilə özünə nifrət qazandırır. "Bizim Cəbiş müəllm" filmində məhz bu xanımın yaratdığı qayğıkeş ana, həyat yoldaşı obrazı filmi daha maraqlı və yaddaqalan edib.
Şəfiqə Məmmədova xalq yazıçısı Anarın "Şəhərin yay gunləri" pyesinin tamaşasındakı Dilarə roluna görə respublika Dövlət mukafatına və Rasim Ocaqovun cəkdiyi "İstintaq" filmindəki müstəntiqin arvadı obrazına görə SSRİ Dövlət mükafatına layiq gorulub.
Bütün xəbərlər Facebook səhifəmizdə