“Mahmud və Məryəm” Türkiyədə FOTOLAR

İstanbuldakı Lütfi Kırdar Konqres Mərkəzində xalq yazıçısı Elçinin romanı əsasında Türkiyə və Azərbaycan kinematoqrafçılarının birgə istehsalı olan "Mahmud və Məryəm" filminin təqdimatı olub. SİA-nın məlumatına görə, filmin premyerasında iştirak edən xalq yazıçısı jurnalistlərə müsahibəsində bildirib ki, bu gün onun üçün çox xoş gündür. Otuz bir il əvvəl qələmə aldığı romanın ekran həyatına qovuşmasından məmnunluğunu ifadə edən yazıçı deyib: "Romanda əksini tapan məsələlər öz aktuallığını qoruyur".

Nasir onu da vurğulayıb ki, filmin Türkiyə və Azərbaycan kinematoqrafçılarının birgə işi olması onun üçün xüsusi bir məna daşıyır.
xalq yazıçısı daha sonra vurğulayıb ki, bu Azərbaycan və Türkiyə tərəfindən müştərək çəkilib: "Ekran əsərinin premyerasının çox sevdiyim şəhər olan İstanbulda keçirilməsi də mənim üçün çox anlamlıdır". Filmin süjet xətti ilə bağlı sualı cavablandıran xalq yazıçısı bildirib ki, eşq din tanımır: "Eşq mənəvi təmizlik istəyir. Mənəvi təmizlik isə, bütün dinlərdə vardır".

Filmin təqdimatında Türkiyə mədəniyyət və turizm nazirinin müavini Özgür Özaslan, Azərbaycanın Türkiyədəki baş konsulluğu və ictimaiyyətin nümayəndələri, ssenari müəllifləri Yerkan Kahraman və Əşrəf Dinçer, quruluşçu rejissor Mehmet Ada Öztekin, aktyorlar Eva Dedova, Aras Bulut İynemli, Fəxrəddin Manafov, Tomris İncer, Cemal Hünal, Kristina Krepela, Mehmet Çevik, Polat Bilgin iştirak ediblər.

"Mahmud və Məryəm" filmi martın 22-dən Türkiyənin kinoteatrlarında nümayiş etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə