Teatr və kinoya bir-birindən əvəzsiz rollar bəxş edən aktrisa, öz şəxsi həyatını unudub teatr, tamaşaçı sevgisi ilə kifayətlənən, bu gün isə təkliyin nə olduğunu anlasa da, bunu etiraf etməyə çətinlik çəkən Azərbaycanın xalq artisti Zərnigar Ağakişiyeva... Onu bir çox obrazlarda görmüşük və hamı bilir ki, onun yaratdığı personajlar hər zaman yaddaşlarda qalıb. Teatr aləmində rəngarəng obrazları ifa edən aktrisa nəinki teatrda, Azərbaycan Dövlət televiziyasının hazırladığı teletamaşalarda və bir çox filmlərdə də çəkilib. 40 il dramatik rolların ifaçısı olan Zərnigar Ağakişiyeva səhnəmizi tərk etsə də, yaddaşlardan silinməyəcək. Ən azından ona görə ki, mənfi obrazlar canlandırmasına baxmayaraq, tamaşaçı sevgisini qazanmağı bacarıb. Tamaşaçı sevgisi isə bir aktrisa üçün ən böyük hədiyyədir. Çox zaman müsahibədən uzaq qaçan Zərnigar Ağakişiyeva təklifimizi qəbul etdi... Evində apardığımız söhbətdə aktrisa həyatının ən maraqlı anlarını SİA ilə bölüşdü...
- Uzun müddətdir səhnədə yoxsunuz. Bu müddət ərzində özünüzü necə hiss edirsiniz?
- Səhhətimdə uzun zamandır problem var. Bu da dünyanın əksər insanlarında təsadüf olunan şəkər xəstəliyidir. Hətta bir müddət şok vəziyyətinə düşüb xəstəxanada komada qalmışam. Ancaq xəstəliyimin qayğısını çəkirəm. Ümumilikdə götürəndə isə indi hər şey qaydasındadır. Təqaüdə çıxmışam. Allah verən ömrü yaşayıram.
- Səhnədən uzaq düşməyiniz yalnız səhhətinizlə bağlıdır, yoxsa yaş məhdudiyyəti də buna səbəb olub?
- Həm səhhətim, həm də yaş həddi ilə bağlıdır. Bu gün milli teatrımızın 140 illiyi təntənəli şəkildə qeyd olunursa, bu dövrün 40 ili mənim yaradıcılığımın payına düşür. Hər tamaşada payıma bir rol düşüb və mən bacardığım qədər rollarımın dərinliyinə varmışam. Bu gün bütün sahələrdə yol gənclərindir. Radio və televiziyalara gedirəm və orada nadir hallarda 40 yaşından yuxarı çalışan insanlara rast gəlirəm. Biz gənc yaşlarımızda teatra gələndə də vəziyyət eyni idi.
- Bu günə kimi saymaqla bitməyəcək qədər rolunuz olub. Hansı rollarda özünüzü tapmısınız?
- Dünyanın ən məşhur simalarına hər zaman bu sualları ünvanlayırlar. Ancaq xüsusi olaraq qeyd edim ki, hər bir aktyor roluna canını qoyur. Heç bir roluma pis demərəm. Təbii ki sevdiyim rollarım olub.
- Bəs oynamaq istəyib də oynaya bilmədiyiniz rol olub?
- Olsa da müəyyən səbəblər olub ki, bu alınmayıb. Çünki rejissor həmin obrazı kimdə görürsə, onu da dəvət edir. Teatrda rejissorlar çox olur. Əgər həmin rejissorlardan biri səni istədiyin rolda görmürsə, deməli o barədə heç düşünmək lazım deyil.
- Teatr və ya tamaşalarda ən çətin və rahat tərəf müqabiliniz kim olub?
- Belə bir çətinliyim olmayıb. Düzdür müxtəlif aktyorlarımızla bir səhnəni paylaşmışıq, ancaq aramızda elə təbii münasibət qurulub ki, heç bir narazılıq yaşamamışıq. Tərəf müqabilimlə oynadığım bütün rollarda dialoqumuz çox səmimi alınırdı.
- Əksər rollarınızda hegemon, diplomat qadın obrazında olmusunuz. Maraqlıdır rollar xarakterinizi formalaşdırıb, yoxsa xarakterinizə uyğun rol seçirdiniz?
- Rejissor aktyora rol verməzdən əvvəl onu süzgəcdən keçirir. Deyə bilmərəm ki, o xasiyyətlər məndə yoxdur. Əgər rolum mənfi idisə mən o rolu əvvəlcədən araşdırırdım. İnsanı mənfi edən səbəbləri axtarırdım. Elə bir rol da ola bilər ki, onun xüsusiyyətləri səndə olmaya bilər, amma bu rol səndə alına bilər. Həyatda hökmran deyiləm, lakin özünü müdafiə üçün bəzən belə bir xüsusiyyət xarakterimdə öz əksini tapa bilər.
- Bütün rollarınızı sanki yaşayırsınız. Bu təbiilik nədən qaynaqlanır?
- Təbii olmağımdan. Səhnəyə çıxarkən tamaşaçı sənin aktyor olduğunu unutmalıdır. Hətta sənin kim olduğunu da unutmalıdır. Yəni aktyor səhnəyə çıxan anda tamaşaçılar rol ifaçısı deyil, canlı bir obrazla qarşılaşmalıdırlar.
- Zərnigar xanıma ilham verən kimdir?
- Tamaşaçıları.
- Bəs siz kimlərəsə ilham qaynağı ola bilirsiniz?
- Onu öz payıma deyə bilmərəm.
- Əksər hallarda mənfi obrazlar canlandırmısınız. Nə vaxtsa olub ki, cəmiyyət tərəfindən nifrətli baxışlar altında qalıb deyəsiniz ki, kaş bu rollarda oynamazdım. O baxışların altında əzilməməsiniz?
- Mənfi rollarıma görə nifrət etsələr də, həyatda görəndə təşəkkür edirlər. Həmin mənfi rollarım üçün valehedici baxışlar görmüşəm. Həyatda mənə qarşı tamaşaçı nifrəti olmayıb. Yadıma düşdü....Bir anlıq olub. Cəfər Cabbarlının "Sevil" tamaşasını oynayırdıq. Tamaşanı oynayan zaman səhnədə 3-cü sıradan bir kişinin səsini eşitdim. - "Eh! Durub çəkəsən ağzından silləni..." bu ifadəni eşitdim, ürəyim düşdü...Onun səhnəyə gəlməsi də 3 addımlıq idi...Tamaşanın bitməsini gözlədim, çünki tamaşa bitdikdən sonra səhnəyə düşməyə ixtiyarım var idi. Tamaşa bitdi və şlyapamı çıxardıb oturdum kresloda dedim indi gəl vur....(gülür) Bütün bu olanlar da o deməkdir ki, tamaşaçı sənin aktyor olduğunu səhnədə unudur. Deməli sən rolunu layiqincə oynaya bilirsən. Sən onu roluna inandıra bilirsənsə, deməli bu sənin aktyor qələbəndir.
- Mənfinin qazandığı populyarlıq, yoxsa müsbətin sadəliyi? Xalq arasında "-" populyarlıq sizi narahat etmir?
- Əsla.. Hər zaman demişəm ki, Azərbaycan xalqı anlayışlıdır. Bunu neçə illərdir hiss etmişəm. Onlar bilir ki, mənim mənfi obrazlarımın hamısı yaradıcılıqdır. Mənfi rolların öhdəsindən gəlmək də böyük iş və cəsarət tələb edir. Bütün rollar müəllif tərəfindən yazılır. Həyatda kim istəyər ki, söz eşitsin? Mənfi rollar aktyordan böyük yaradıcılıq işi tələb edir. Buna görə də aktyorlar mənfi rolu xoşlayırlar.
- Bütün hallarda "-" obraz canlandırmısınız. Bəyəm nifrət sevgidən daha çox sevilir?
- Bəli.
- Cəmiyyətimizdə belə bir düşüncə var. Evlənib boşanan və ya başqa yolun yolçusu olan qadının bir kişini saf sevgi ilə istəməsi qəbuledilməzdir. Onlar sevərkən fahişə damğası alır. Misal olaraq, "Təhminə" filmində Təhminə Zivərin gözündə "3 qəpiklik fahişə" idi. Bəs Zərnigar xanımın gözündə o vaxt və bu gün fahişə kimdir?
- Elə sözləri ən təmiz adama da deyə bilərsən. Təbii ki onu sevmirsənsə... Əsərdən kənara çıxmaq istəyirəm. Bu cəmiyyətdə olan bir şeydir. Əsəbi halda kimsə bu sözü işlədə bilər. Təhminəyə gəlincə isə, o, cəmiyyətdə işləyən qadındır və ətrafında müxtəlif kişilər var. Burada artıq sərhəd pozulur. Ancaq kənardan bunu bilməyənlər başqa cür başa düşürlər. Əgər qadın diqqət cəlb edirsə onun paxıllığını çəkənlər çox olur. Zivərə gəldikdə isə, heç bir ana razı olmaz ki, oğlunun həyatında elə qadın olsun. Bu təbiətin qanunudur. Zivər kimi analar istəməz ki, oğluna alacağı qızın ünvanına nalayiq sözlər desinlər. Bu əvvəl də, indi də və bundan sonra da belə olacaq. O, Zauru başqa cür görmək istəyirdi. Ana müqəddəsdir və heç vaxt mənfi ola bilməz. Bu məsələdə Zivəri günahlandırmaq olmaz. Bu həyatın kimləsə bir anlıq oyunudur.
- Filmdə Təhminənin qəlbini qırıb onu sevgisindən ayırmışdınız. Bəs bu cür sevgi qəddarlığı Zərnigar xanımın həyatında sərgilənibmi?
- Hər zaman gözüaçıq olmuşam. Hər şeyi zamanında dərk edən və yerimi bilən olmuşam. Mənim də yerim Akademik Milli Dram Teatrının səhnəsi olub.
- Bir qadının azadlığa çıxması, Sevilin yaylığını atması Balaşın Dilbərlə olan münasibətinə əsaslanırdı. Bir qadının Sevil kimi üsyan etməsi üçün Dilbərlərəmi ehtiyac var?
- Bu təbiətin qanunudur. Harada görmüşük ki, bir qadının ətəyindən yapışan kişi olsun. Zaman dəyişib və müasirləşirik. İndiki qadınlarımızın əksəriyyətinin gözü açıqdır. Hər bir kişinin həyatında başqasının olduğu danılmaz həqiqətdir.
- Həyatınızın hansısa mərhələsində heç "o" olmağa çalışdığınız kimsə olub?
- Heç kim olmaq istəməmişəm. Ancaq Zərnigar Ağakişiyeva olmuşam. Çünki hər şeyi özüm etmişəm. Həyatın bütün çətinliklərini özümü hazırlamışam. Ola bilər ki, kiməsə istinad edəsən. Ancaq belə, hər zaman özüm olmuşam.
- Keçmişdən bu günə qədər insanın xoşladığı və ya xoşlamadığı zaman var. Bəs sizin üçün keçmiş, yoxsa bu gün?
- Hər dövrün öz hökmü var. Hər zamanın öz inkişaf mərhələsi var. Heç kəs deyə bilməz ki, o vaxt və ya indi yaxşıdır. Sadəcə hər kəs həyatını səmərəli yaşamalıdır.
- Sizin üçün ideal biri varmı? İdeal insan hansı xüsusiyyətləri özündə əks etdirməlidir?
- İdeal insan yoxdur. İdeal biri varsa, o da Allahdır. Hər bir insanın müəyyən məqamda mənfi tərəfi üzə çıxa bilər. Mənfi olmağa onu əsəb vadar edir. Elə insanlar da var ki, ancaq mənfi işlərlə məşğul olur. Elə insanları qınamaq da olmur. Sadəcə elələrinə baş qoymayasan.
- Kişilərin beynində aktrisa, qadınlarda isə aktyor qorxusu var. Sizcə aktrisa qadından qorxmaq lazımdır? Axı onlar rola girə bilirlər...
- Əsil qadınlar həyatda maska taxmır. Onlar maskasız olurlar. Öz payıma da deyə bilərəm ki, mənə maska lazım deyil. Təbii ki, insandan çox şey asılıdır. Bəlkə də maska taxaraq nələrdəsə istifadə edir. Mən belə insanları tanımıram. Elə məqamlar olur ki, özünü müdafiə üçün səsinin tonunu qaldırar, ancaq bu başqa məsələdir. Mən onu da etmirəm. Cavanlıqda elə insanlara reaksiya verirsən. Ancaq qocalanda üzünü çevirib gedirsən. İnsan dostunu, tərəf müqabilini seçəndə belə çox düşünməlidir. Çalışmaq lazımdır ki, arada hörmət olsun.
- Çox vaxt deyirlər ki, həyat bir səhnə biz isə aktyorlarıq. Teatrda tamaşalarda canlandırdığınız rolları kifayət qədər bilirik. Maraqlıdır ki, Zərnigar xanımın həyat səhnəsindəki rolu kim olub. Siz əslində kimsiniz?
- Mən heç kiməm. Ömrüm boyu səhnədə olmuşam. Ancaq həyatda çox zəif insanam. Özüm-özümü müdafiə etmək üçün kimsəyə əyilməmişəm. Heç bunu özümə rəva da görmərəm.
- Kənardan baxanda özünü sevən, kaprizli qadın kimi görünürsünüz. Buna da ətrafdan eqoist adı verilir. Ola bilərmi ki, özünüzə bu qədər aşiq olmaqdan kimisə sevməyə vaxt qalmayıb və ya kiminsə sevgisi sizin özünüzə qarşı olan istəyinizin kölgəsində qalıb?
- Düz tapdınız. Bəli özümü çox sevirəm. Kim özünü sevməz?! Kim öz qatığına və ya ayranına turş deyər?! (gülür..) İnsanlarla ancaq müsbət münasibət qurmuşam. Hiyləgərlik kimi işlərlə aram yoxdur. Ünsiyyət qurduğum insanlarda elə keyfiyyətlər görsəm belə, heç nə demədən kənarlaşıram. Səbəbini demirəm və uzaqlaşıram. Sonradan münasibətlər qalır, ancaq həmin insan ətrafımda olmur.
- Ətrafınızda sizi sevməyənin olması mümkünsüzdü...
- Sevgi hər kəsə qarşı ola bilər. Əsas qarşılıqlı hörmətdir. Şəxsiyyətə hörmət etmək vacibdir. İnsan cavanlıqda müəyyən səhvlər edir. Zamanla hər şey öz yerini tapır.
- Teatrdan uzaq və tək yaşayırsınız. Tənhalıq sizi darıxdırmır?
- Hər bir insan darıxır. Darıxmıram desəm, yalan olar. Bütün ömrüm boyu, daima insanlarla təmasda olmuşam, zamanımın çox hissəsi qastrollarda keçib. İndi isə sakitliyə ehtiyacım var. Bəzən rahatlıqdan da bezirsən. Mən kimsəsiz deyiləm. Qohumlarım, yaxınlarım və dostlarım var, ancaq çox az sayda.
- Həyatınızı demək olar ki, sənətə həsr etdiniz. Sonda tək qalmağa dəyərdimi?
- Tək qalmağım həyatın qismətidir. Fəxr edirəm ki, həyatımın əsas hissəsi teatra, tamaşaçı sevgisinə həsr olunub. Gözlərdə özümə qarşı sevgi görürəm. Teatrdan çıxandan sonra bu sevgi hissi daha da artıb. Ömrümü çox mənalı, dəyərli keçirmişəm. Onları razı salmışamsa, zövqlərini oxşaya bilmişəmsə nədən narazı ola bilərəm?!
- Artıq səhnəyə qayıtmayacağınızı demisiniz. Niyə tamaşaçıları Zərnigar Ağakişiyevadan məhrum edirsiniz?
- Bugünkü tamaşaçı başqadır. Onların öz zövqləri var. Bütün bunlara baxmayaraq, indi də gənc tamaşaçıların qəlbində mənə qarşı maraq və o marağında içində böyük sevgi var. Bu məni çox fərəhləndirir və o hissin qarşısında aciz qalıram.
- Bəlkə qayıdasınız...
- Yox. Səhhətim buna yol vermir. Digər tərəfdən də hər şey zamanında olmalıdır. Hər şey vaxtında gəlib nöqtəsinə çatıb.
- Prezident tərəfindən evlə təmin olunmusunuz. Xalq artistisiniz. Bu ad və sizin sahib olmadığınız bəzi şeylərə görə üsyan edənlər var. Sizin fikirlərinizi bilmək istərdim. Necə düşünürsünüz, haqq yerini tapır, yoxsa haqsızlığa uğradığını düşündüyünüz həmkarlarınız var?
- Buna qiymət verə bilmərəm. Çünki hər bir insanın taleyi öz əlindədir. İnsan hara gedirsə öz bacarığını, istedadını göstərməlidir. Heç kimin qəlbinə toxuna bilmərəm. Fəxri adlara gəldikdə isə,mən əməkdar artist adına Ulu öndərimiz Heydər Əliyev tərəfindən layiq görüldüm. Zaman elə gətirdi ki, yenə də ümummilli liderin imzası ilə xalq artisti adına layiq görüldüm. Bu mənim üçün böyük şərəfdir. Həyatım boyu mərhum prezidentimiz Heydər Əliyevin çıxışlarına sevə- sevə qulaq asmışam. Sevinirəm ki, sənədlərimdə Ulu öndərimizin imzası var. Hazırda yaşadığım evi isə cənab prezidentimiz İlham Əliyev verib. Taleyimə şükür edirəm ki, mənə belə qiymət verirlər.
- Son olaraq bu sahədə irəliləmək istəyən gənc aktyorlara nə məsləhət görərdiniz?
- Bu sahədə yüksək nailiyyətlərə sahib olmaq üçün yalnız özləri kimi olmalıdırlar. Kiməsə bənzəmək istəsə, o zaman uduzar. Özünəməxsus obrazlar ifa etməyi bacarmalıdır. Hazırda teatrda istedadlı gənclərimiz var. Təbii ki, onlardan 60 yaşlı sanballı aktyorların işini tələb edə bilmərik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB