“Təbəssümlə bahara”

Azərbaycan Dövlət Musiqili Komediya Teatrının nəzdində fəaliyyət göstərən Uşaq Yaradıcılıq Studiyasının kollektivi martın 17-si R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Novruz bayramına həsr edilən "Təbəssümlə bahara" adlı konsert keçirəcək. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu həftənin istirahət günü saat 18:00-da baş tutacaq tədbirdə balaca artistlər dünya və Azərbaycan rəqslərindən ibarət rəqs nömrələri, mahnılar təqdim edəcək və tamaşaçıları öz ifaları ilə sevindirəcəklər.

Konsertdən öncə Mahnı teatrının foyesində Yardıcılıq Studiyasının fəaliyyətini əks etdirən sərgi nümayiş olunacaq. "Təbəssumlə bahara" Yaradıcılıq Studiyası üzvlərinin Novruz bayramı ərərfəsində həmyaşıdlarına böyük hədiyyəsi olacaq.

Teatrın direktoru, əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev açıqlamasında bildirib ki, hazirda Yaradıcılıq Studiyasının istedadlı vokalistləri və rəqqasları yeni layihə üzərində işləyir: "Belə ki, kollektivin həm vokal qrupu, həm də rəqs qrupu respublikamızın tanınmış sənətçiləri ilə iş birliyinə başlayıblar. Onlar Tünzalə Ağayeva, Samirə, Nadir Qafarzadə, Amil Həsəsnoğlu və s. kimi tanınmış müğənilərlə duet şəklində mahnılar ifa edəcəklər. Eyni zamanda, rəqqasə Fatimə kollektivin balaca artistləri ilə maraqlı rəqs nömrələri üzərində işləyir. Bu layihə davamlı olacaq və vaxtaşırı müxtəlif konsert proqramları ilə tamaşaçıları sevindirəcəklər".

Əliqismət Lalayev onu da qeyd edib ki, "Təbəssüm" rəqs qrupunun istedadlı üzvləri aprelin 14-də Türkiyəyə yola düşəcək: "Bütün dünyaya yayımlanan TRT-nin xətti ilə 35-ci dəfə düzənlənən Beynəlxalq Cocuq Festivalında bu dəfə Azərbaycan Respublikasını Musiqili Komediya Teatrının ən balaca artisləri - Yaradıcılıq Studiyasının üzvləri təmsil edəcəklər. İzmir şəhərində keçiriləcək festivalda kollektivin 10 yaşdan 13 yaşa kimi 13 solisti iştirak edəcək. Bu il həmin festivala dünyanın 110 ölkəsindən balaca istedadlar qoşulacaq".

Qeyd edək ki, Azərbaycanlı uşaqlar eyni zamanda, dəvət olunmuş nümayəndələr arasından seçilən 10 ölkənin balaca elçiləri ilə birlikdə İstanbuldakı şənliklərə də qatılacaqlar. Dünyanın ən müxtəlif meridianlarından gələn çocuqlar bayram günlərində Ankaraya uçacaq, TRT rəhbərliyi, Türkiyə Parlamentinin üzvləri, Baş Nazir Rəcəb Tayyib Ərdoğan və hətta Cumhurbaşqanı Abdulla Güllə də görüşəcəklər.

Balacaların çıxışları aprel ayının 23-də TRT kanalı ilə canlı yayımlanacaq. Uşaqlar möhtəşəm konsert proqramlarında Azərbaycanın milli rəqslərini ifa edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə