Nazirlik ümumrespublika müşavirəsi keçirib

Nazirlik ümumrespublika müşavirəsi keçirib

Bu gün Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən şəhər (rayon) mədəniyyət və turizm şöbələrinin fəaliyyətinə həsr olunmuş "Regionlarda mədəniyyət və turizm: 2012-ci ilin yekunları" ümumrespublika müşavirəsi keçirilib. SİA-nın xəbərinə görə, müşavirədə Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev, Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyev, şəhər (rayon) mədəniyyət və turizm şöbələrinin əməkdaşları iştirak edib.

Müşavirədə açılış nitqilə çıxış edən Əbülfəs Qarayev bildirib ki, tədbirin keçirilməsində məqsəd mədəniyyət və turizm sahələrinin inkişafına dair dövlət proqramlarının icrası istiqamətində 2012-ci il ərzində görülən işlərin təhlil edilməsi, regionlarda müvafiq sahələrdə mövcud problemlərin və onların həlli yollarının müzakirəsi, Nazirliyin yerli orqanlarının işinin təkmilləşdirilməsindən ibarətdir. Nazir qeyd edib ki, ölkənin bir çox şəhər və rayonlarında 2012-ci il ərzində müxtəlif tədbirlər keçirilib, geniş müzakirələr aparılıb.

Onun sözlərinə görə, icra hakimiyyətlərinin əksəriyyəti öz fəaliyyətlərində Azərbaycanın mədəniyyətinin, mədəni irsinin qorunub saxlanılmasına böyük önəm verirlər: "Əgər 10 il bundan öncə şəhər və rayonların mehmanxanalarında normal yaşayış şəraiti yox idisə, bu gün həmin yerlərdə normal yaşayış şəraitinə malik olan mehmanxanalar fəaliyyət göstərir. Lakin təbii ki, çatışmayan cəhətlər də mədəniyyətin inkişafında özünü göstərir. Bu gün bizim əsas problemimiz maddi texniki bazanın lazımi səviyyədə olmamasıdır".

Daha sonra çıxış edən Vaqif Əliyev bildirb ki, 2012-ci ildə ölkənin 45 şəhər və rayonunda 100-dən çox tədbir keçirilib. Bu tədbirlərin keçirilməsində Şəki şəhəri liderdir. Nazirliyin rəsmisi qeyd edib ki, regionlarda ali təhsilli işçilər azlıq təşkil edir: "Belə ki, mədəniyyət sahəsində ən az ali təhsilli işçilər 2 faiz təşkil etməklə Daşkəsəndədir. Ən çoxu isə 24%-lə Abşerondadır".

Müşavirədə 2012-ci ildə səmərəli fəaliyyətləri ilə fərqlənən bir qrup şəhər (rayon) mədəniyyət və turizm şöbələrinin əməkdaşları Nazirliyin Fəxri fərmanları və pul mükafatları ilə təltif edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə