Martın 10-da Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında "Muğam aləmi" Üçüncü Beynəlxalq Muğam Festivalı çərçivəsində Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının konsert ifası tamaşaçılara təqdim olunub. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının səhnəsində baş tutan tamaşadan öncə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Vüsal Nəsirli və Dövlət Opera və Balet Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Hafiz Quliyev teatrsevərləri Milli Tear Günü münasibətilə təbrik edərək dahi Üzeyir Hacıbəyovun ölməz "Leyli və Məcnun" operasının milli teatr sənətinin inkişafındakı rolundan bəhs ediblər. Bildirilib ki, Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə martın 9-dan 19-dək keçiriləcək "Muğam aləmi" Üçüncü Beynəlxalq Muğam Festivalında Türkiyə, İran, İraq, Özbəkistan, Tacikistan, Qazaxıstan, ABŞ, Fransa, Kanada, İngiltərə, Liviya, Braziliya, İspaniya, İtaliya, Almaniya, İordaniya, Yaponiya, Türkmənistan, Rusiya, Çin, Hindistan, Tunis, Misirdən dünya şöhrətli musiqiçilər və qruplar iştirak edirlər.
Azərbaycan Dövlət Opera və Balet Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Hafiz Quliyev daha sonra bildirib ki, ilk dəfə olaraq Festival çərçivəsində həm Bakı şəhərində, həm də ölkəmizin bir çox bölgələrində Azərbaycanın və xarici musiqiçilərin iştirakı ilə konsertlərin, beynəlxalq muğam müsabiqəsinin, beynəlxalq elmi simpoziumun və ustad dərslərinin təşkili nəzərdə tutulub.
Sonda tamaşaçılar Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının konsert ifaçılarını- Xalq Artistləri Mənsum İbrahimov və Aygün Bayramovanın, dirijor Teymur Göyçayevin rəhbərlik etdiyi Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin, Azərbaycan Xor Kapellasının, Əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədovun çıxışlarını sürəkli alqışlarla qarşılayıblar.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB