Milli Teatr Günü qeyd olundu FOTO

Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 10 Mart - Milli Teatr Günü münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdən əvvəl qonaqlar teatrın foyesində son illər Azərbaycan teatrına həsr edilmiş kitablardan ibarət sərgi ilə tanış olublar. Daha sonra səhnəyə dəvət olunan Akademik Milli Dram Teatrının bütün yaradıcı heyətinə çiçəklər təqdim olunub.

Tədbirdə ilk olaraq çıxış edən teatrın direktoru İsrafil İsrafilov bildirib ki, böyük maarifçi Həsən bəy Zərdabi və görkəmli yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü əsasında 1873-cü ilin mart və aprel aylarında Bakıda Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti-vəziri-xani-Lənkəran" və "Hacı Qara" komediyalarının səhnələşdirilməsi ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində dünyəvi peşəkar teatrının təməli qoyulub: "Martın 1-də Prezidenti İlham Əliyev Azərbaycan peşəkar milli teatrının yaradılmasının 140 illik yubileyi və 10 Mart - Milli Teatr Gününün təsis edilməsi haqqında imzaladığı sərəncamlar sənət adamları, teatr xadimləri tərəfindən yüksək rəğbət hissi ilə qarşılanıb."

Mədəniyyət və turtizm nazirinin müavini Ədalət Vəliyev isə vurğulayıb ki, məhz ölkə başçısının bilavasitə təşəbbüsü ilə son illərdə ölkədə teatr sənətinin inkişafı ilə bağlı bir sıra fundamental dövlət sənədləri qəbul olunub. Dövlət başçısımızın "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramını təsdiq etmişdir. Azərbaycan teatrının 10 illik inkişaf perspektivlərini müəyyənləşdirən Dövlət Proqramı öz fəaliyyəti ilə milli-mədəni sərvətə çevrilən teatrımızın zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, Avropa mədəniyyətinə inteqrasiyası, teatrların maddi-texniki bazalarının modernləşdirilməsi, teatr binalarının dünya standartlarına uyğun təmiri, informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsi və günün tələblərinə uyğun repertuarın formalaşması məqsədlərinə xidmət edir.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Nemətov və sənətşünaslıq doktoru Məryəm Əlizadə Azərbaycan teatrının keçdiyi şərəfli tarixi yola bir daha nəzər salıblar.

Çıxışlardan sonra Azərbaycan peşəkar milli teatrın yaradılmasının 140 illik yubileyi münasibətilə Mirzə Fətəli Axundzadənin eyniadlı əsəri əsasında hazırlanan "Sərgüzəşti-vəziri-xani-Lənkəran" tamaşası nümayiş olunub. Dahi ədibin 200 illik yubileyinə həsr olunmuş tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Vaqif İbrahimoğlu, rejissoru Tural Mustafayev, quruluşçu rəssamı Rəşid Şerif, bəstəkarı Xalq Artisti Səyavuş Kərimidir.

Tamaşada xalq artisti Nurəddin Mehdixanlı, əməkdar artistlər Cəfər Namiq Kamal, Sabir Məmmədov, Kazım Həsənquliyev aktyorlar Əminə Babayeva İlahə Həsənova, Aslan Şirinov və başqaları iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə