Bakı növbəti beynəlxalq müsabiqəyə ev sahibliyi edəcək

Bakı növbəti beynəlxalq müsabiqəyə ev sahibliyi edəcək

Aprelin 23-dən 26-dək Bakıda İslam dünyasının gəncləri klassik musiqi ifaçılarının ikinci Beynəlxalq festival-müsabiqəsi keçiriləcək. Müsabiqə İSESCO-nun və Gənclər və İdman Nazirliyinin dəstəyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının iştirakı və "Kainat" Gənclik Mərkəzinin təşkilatçılığı ilə reallaşacaq. SİA-nın məlumatına görə, festival-müsabiqənin məqsədi gənc istedadların aşkar edilməsi, beynəlxalq təcrübə və fikir mübadiləsi, yaradıcılıq yollarının təyin edilməsi, xarici ölkələrdən cəlb olunan yeniyetmə və gənclərdə Azərbaycan mədəniyyəti və incəsənəti haqqında geniş təsəvvürün yaradılması, gənc istedadların musiqi sənəti sahəsində Şərq – Qərb dialoqu çərçivəsində səviyyələrinin artırılmasıdır.

Müsabiqə instrumental ifaçılar arasında iki yaş qrupu üzrə keçiriləcək. Kiçik yaş qrupu 15 yaşadək, böyük yaş qrupu isə 15-dən 20 yaşadəkdir.

Festival-müsabiqə 2 turda keçiriləcək. Birinci turda yüksək bal toplayaraq finala çıxmış iştirakçılar qala-konsertdə baş mükafat uğrunda mübarizə aparmaq hüququ qazanacaqlar.

Müsabiqənin seçim turlarında iştirak etmək istəyən ifaçılar təşkilat komitəsində qeydiyyatdan keçməlidirlər. Müsabiqənin əsasnaməsini və ərizə formasını "Kainat" Gənclik Mərkəzinin saytından – www.kainat.az əldə etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə