Dünyanın məşhur menecer-prodüseri Bakıda FOTO

"Azərbaycan qızlarının gözəlliyinə söz ola bilməz"
Dünyanın məşhur menecer-prodüseri Bakıda FOTO

Dünyaca məşhur menecer-prodüser Marsel Avram şəhərimizin qonağı olub. SİA-nın məlumatına görə, səfər çərçivəsində Marsel Avram bu gün yerli media nümayəndələri ilə görüşüb. Qonaq ilk olaraq özü haqqında məlumat verərək bildirib ki, 60-cı illərdən bəri bu işlə məşğul olur: "İşimdən çox məmnunam. Bütün dünya ölkələrində konsertlər təşkil etmişəm. Konsertlərimin əksəriyyəti isə Almaniyada baş tutub. Onu da xüsusi olaraq qeyd edim ki, 1 ölkədə konsert təşkil etməyi xoşlamıram".

Şəhərimiz haqqında öz təəssüratlarını bölüşən M. Avram bildirib ki, Bakı çox gözəldir: "2 il bundan əvvəl televiziyada ölkəniz haqqında eşitmişəm. yayda isə burada olmuşam. Paytaxtda baş tutan "Eurovision- 2012" mahnı müsabiqəsi isə möhtəşəm idi. Bütün bunlara nəzər saldıqda isə ölkənizin nə qədər çox inkişaf etdiyi bəlli olur".

M.Avram Azərbaycan mətbəxini sevdiyini də dilə gətirib: "Şirniyyatlarınızı xüsusilə bəyənirəm. Baxmayaraq ki, şirniyyatlarınız türk mətbəxinə yaxındır, ancaq sizin şirniyyatlar daha dadlıdır. Onu da qeyd etməliyəm ki, Azərbaycan qızlarının gözəlliyinə söz ola bilməz".

"Səfərimin məqsədi Bakı ilə tanış olmaq, Bakının xarici ulduzları qarşılamağa hazır olduğunu bilməkdir. Bilirəm ki, Beyonsun konsertini Azərbaycanda gözləyənlər çoxdur. Yaxın müddət ərzində Beyonsun Türkiyədə konsertini təşkil edəcəyəm, dərhal sonra isə Bakıda konserti üçün hazırlıqlar başlayacaq", - deyə fikirlərinə əlavə edib.

Məlumat üçün bildirək ki, 40 illik fəaliyyəti ərzində Marsel Avram özünü beynəlxalq konsert biznesində dünyanın ən qabaqcıl insan kimi təqdim etməyə müvəffəq olub. Dünyanın ən məşhur şou-biznes ulduzlarının hamısı Marsel Avramla layihələr həyata keçirib. Bir çox ulduzların uğurlu karyera qazanmasında Marsel Avramın böyük rolu olub. Marsel Avramın birgə çalışdığı dünya ulduzları sırasında Maykl Cekson, Pink Floyd, U2, Rolling Stones, Madonna, Rod Stewart, Prince, Bon Covi, Selin Dion, Elton Con, Tina Turner, The Who, Deep Purple və Ozzi Ozborn var. Eyni zamanda, Frenk Sinatra, Semmi Devis kiçik, Barbra Streisand, Tom Cons və Layza Minelli kimi müğənnilər, Plasido Domingo və Xose Karreras kimi klassik ulduzlar, Neil Daymond, Laynel Riçi, Adriano Çelentano və Eros Ramazzotti kimi ifaçılar öz konsert proqramları və turlarını ona etibar ediblər.

Qeyd edək ki, Marsel Avramın Bakıya səfərinin təşkilatçılıq işlərini "Səs Organization"un rəhbəri Nahid Emiloğlu həyata keçirir. Səfər müddətində şəxsən Marsel Avramın iştirakı ilə bir sıra görüşlər keçiriləcək, eyni zamanda yaxın gələcək üçün nəzərdə tutulan dünya şöhrətli müğənni Beyonsun Bakıda konsertinin təşkili ilə bağlı son yeniliklər ətrafında danışılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə