Musiqili Komediya Teatrından prezidentə Müraciət

Musiqili Komediya Teatrından prezidentə Müraciət

Musiqili Komediya Teatrının rəhbərliyi və yaradıcı heyəti prezident İlham Əliyevə müraciət edib. SİA müraciəti olduğu kimi təqdim edir:

Müraciətdə deyilir: "Sizin "Milli Teatr Günü"nün təsis edilməsi haqqında" və "Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illiyi haqqında" Sərəncamlarınız bütün teatr ictimaiyyəti kimi, Azərbaycan Dövlət Musiqili Komediya Teatrı kollektivinin də böyük sevincinə səbəb olub. Sərəncamlarda milli teatrın fəaliyyətinə verdiyiniz yüksək qiymət kollektivimizin hər bir üzvünü qəlbən sevindirib. Biz bir daha inandıq ki, Azərbaycan dövləti teatr sənətinin inkişafını milli mədəniyyətin və müasir cəmiyyətin inkişaf prioritetlərindən hesab edir. Bu, teatr sahəsində çalışan hər kəsdə böyük qürur hissi doğurur. Bu gün ölkəmizdə öz yaradıcılığı ilə fərqlənən sənət ustalarına Azərbaycanın fəxri adları, Prezident təqaüdləri və Prezident mükafatları verilir, onların əməyi ölkənin ən yüksək mükafatlarına - ordənlərə layiq görülür.

Azərbaycan teatrının 10 illik inkişaf perspektivlərini müəyyənləşdirən Dövlət Proqramı öz fəaliyyəti ilə milli mədəni sərvətə çevrilən səhnə sənətimizin zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, Avropa mədəniyyətinə inteqrasiya olunması, teatrların maddi-texniki bazalarının modernləşdirilməsi, ölkədəki əksər teatr binalarının dünya standartlarına uyğun təmiri və günün tələblərinə cavab verən repertuarın formalaşması məqsədlərinə xidmət edir.

Sizin 25 noyabr 2010-cu il tarixli Sərəncamınızla Azərbaycan Dövlət Musiqili Komediya Teatrı da əsaslı təmirə dayandırılıb. Hazırda teatrda dünya standartları səviyyəsində gərgin və surətli təmir, yenidənqurma və bərpa işləri aparılır. Görülən işlər göz oxşayır.

Bu gün Azərbaycan Dövlət Musiqili Komediya Teatrı inkişaf mərhələsini yaşıyır. Teatrda dövlət islahatlarına uyğun olaraq yüksək mənəvi-milli dəyərlərə söykənən repertuar formalaşır və bu iş davam etməkdədir. İndi repertuarımızda tamaşaçılar tərəfindən sevilən onlarla maraqlı səhnə əsəri var.

Hazırda teatrda yeni tamaşalar hazırlanır, qastrollar təşkil olunur. Təkcə son üç ildə kollektivimiz Rusiyada, Gürcüstanda, Türkiyədə, İranda səfərlərdə olmuş, nüfuzlu beynəlxalq festivallarda iştirak etmiş və milli teatrlarımız arasında ilk dəfə məhz Azərbaycan Dövlət Musiqili Komediya Teatrı Beynəlxalq Quruma - Musiqili Teatrların Beynəlxalq Assosiasiyasına üzv olub. Ölkə əhalisi qarşısında uğurlu çıxışlarımız, müxtəlif bölgələrə qastrol səfərlərimiz də maraqla qarşılanıb.

Bir daha bildiririk ki, Sizin teatr sahəsində son Sərəncamlarınız bütövlükdə Azərbaycan teatrının yeni uğurlar qazanmasına güclü təkan verəcək. Bütün bunlara görə Sizə bir daha minnətdarlığımızı bildiririk. Bizim hamımızın bir vətəni var - Ulu Azərbaycan! Azərbaycanın inkişafı, daha böyük uğurları naminə biz də hər zaman Sizin yanınızdayıq! Hər zaman Sizinləyik! Biz bundan sonra da şərəfli əməyimizi, bütün yaradıcılıq axtarışlarımızı və sənət uğurlarımızı məhz Azərbaycanımızın böyük inkişafına həsr edəcəyik!"

Azərbaycan Dövlət Musiqili Komediya Teatrının kollektivi adından Sizə qarşı dərin hörmət və ehtiramla: Teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev, xalq artistləri - Afaq Bəşirqızı, İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar İncəsənət Xadimləri Nazim Hacıəlibəyov, Əsgər Əsgərov, əməkdar artistlər - Səmayə Musayeva, Ramiz Məmmədov, Xanım Qafarova, Boris Qrafkin, Gülnar Salmanova, Əkbər Əlizadə, Çingiz Əhmədov, Nərgiz Kərimova, Naidə Orucova, Əməkdar Mədəniyyət İşçisi Elxan Ocaqov, aktrisalar - Svetlana Bulax, Marina Litvinenko.

Bütün xəbərlər Facebook səhifəmizdə