“Xeyir və Şər” tamaşası müzakirə olundu

Gənc Tamaşçılar Teatrının 85 illiyi ilə əlaqdəar bir sıra məktəblərdə qədim və zəngin tarixə malik Azərbaycan teatrı haqqında layihələr həyata keçirilir. Sözügedən layihələrdən biri də Səbail rayon 189 saylı orta ümumtəhsil məktəbində baş tutub. SİA-nın məlumatına görə, teatrın repertuarında olan Nizami Gəncəvinin "Xeyir və Şər" tamaşasının müzakirəsinə həsr olunan tədbiri giriş sözü ilə məktəbin ədəbiyyat müəlliməsi Təranə Rzayeva açıb.

O, tədbir iştirakçılarını salamlayaraq mərasimin keçirilməsinin əsas məqsədini diqqətə çatdırıb: "Mütəmadi olaraq məktəbimizin müəllim və şagird heyəti Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarında olan tamaşaları izləmək üçün bu teatrı ziyarət edir. Ən son baxdığımız tamaşalardan biri də Nizami Gəncəvinin "Xeyir və Şər" əsəri əsasında hazırlanmış eyniadlı səhnə əsəridir. Tamaşada gənclərə dostluğa sədaqət, vətənpərvərlik, düzgünlük kimi təmiz, saf hisslər aşılanır. Sadaladığım müsbət keyfiyyətlər baxımından şagirdlərimizlə belə qərara gəldik ki, müzakirə də məhz bu tamaşa əsnasında gerçəkləşsin".

Teatrın baş redaktoru, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin baş katibi Səriyyə İsmayılova teatrın məktəblilərin formalaşmasındakı əhəmiyyətini dilə gətirərək, onların estetik zövqünün, təxəyüllünün, intellektual səviyyəsinin, ictimai-siyasi baxışlarının düzgün formalaşması məqsədilə bu tip elmi-kütləvi- mədəni tədbirlərin keçirilməsinin vacibliyini bildirib.

Teatrın, ASSİTEJ-Azərbaycan Milli Mərkəzi və Səbail rayon İcra Hakimiyyətinin birgə həyata keçirəcəyi "Mən teatr haqqında danışmaq istəyirəm" layihəsi haqqında ətraflı məlumat verən S.İsmayılovanın sözlərinə görə, teatrda həmçinin məktəblilərdən ibarət bədii şura yaradılıb.

Tədbirdə iştirak edən teatrında baş redaktoru Səriyyə İsmayılova, aktyorlar Nicat Kazımov, Təhminə Məmmədova, Elnur Hüseynov və pedaqoq Yeganə Məhərrəmova çıxış edərək məktəblilərin ünvanladıqları sualları cavablandırıb, fikir mübadiləsi aparıblar.

Tədbirdə məktəblilər "Xeyir və Şər" tamaşasından bir parça nümayiş etdiriblər. Bundan başqa tədbirdə "Xeyir və Şər" cizgi filmi göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə