Novruz bayramı 3 yeni tamaşa ilə yadda qalacaq FOTO

Gənc Tamaşaçılar Teatrı gələn ay üçün 3 yeni tamaşa hazırlayır. Teatrdan SİA-ya verilən məlumata görə, ilk premyera teatrın repertuarında uzun müddət olmuş və yeni quruluşla, maraqlı tərtibatla hazırlanmış S.S.Axundov və A.Şaiqin eyniadlı əsəri əsasında səhnələşdirilən "Qaraca qız" tamaşasıdır. İki hissəli nağıl tamaşanın quruluşçu rejissoru xalq artisti Vaqif Əsədov, quruluşçu rəssamı Qurban Məsimov, bəstəkarı Sərdar Fərəcovdur.

Tamaşada əməkdar artistlər Gülər Nəbiyeva, Leyli Vəliyeva, Seyidşah Məmmədov, aktyorlar Vüsal Mehrəliyev, Manaf Dadaşov, Sona Babayeva, Güşvər Şərifova, Sevinc Mehrəliyeva, Simuzər Atakişiyeva, Almaz Mustafayeva, Asya Atakişiyeva, Elşən Çarhanlı, Zümrüd Quliyeva, Şəbnəm Hüseynova, Kərəm Hadızadə, İlqarə Tosova, İlham Əsədov, Nuriyyə Əliyeva və başqaları çıxış edəcəklər. Tamaşanın premyerası isə martın 9-da saat 12.00-da baş tutacaq.

"Dörd əkizin nağılı" adlı 2-ci tamaşanın premyerası martın 10-da reallaşacaq. Bolqar yazarı Panço Pançevin eyniadlı əsəri əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Ağalar İdrisoğlu, rəssamı Elşən Sərxanlıdır. Əsas obrazları əməkdar artistlər Naibə Allahverdiyeva, Nübar Novruzova, Qəmər Məmmədova, aktyorlar Günel Məmmədova, Elnur Hüseynov, Kərəm Hadızadə, Vüsal Mehrəliyev, Anar Səfiyev, Zümrüd Quliyeva, Sona Babayeva və teatrın başqa aktyorları canlandıracaqlar.

Novruz bayramı ərəfəsində təqdim olunacaq üçüncü tamaşa isə M.Müfiqin "Şəngülüm, Şüngülüm, Məngülüm" poeması əsasında səhnələşdirilmiş "Kosa ilə Keçəlin Şəngül, Şüngül, Məngül nağılı"dır.

Tamaşa məktəblilərin tətil günlərində nümayiş etdiriləcək. Tamaşanın quruluşçu rejissoru Nicat Kazımovdur. Səhnə əsərində əsas rolları Əməkdar artist Kəmalə Hüseynova, aktyorlar Mehriban Hüseynova, Vüsal Mehrəliyev, Ceyhun Məmmədov, Asya Atakişiyeva, Elnur Kərimov, Səfa Mehdi, Eşqin Quliyev, Sevinc Mehrəliyeva, Zülfiyyə Alhüseynova, Anar Seyfullayev, Müşfiq Əliyev və başqaları ifa edəcəklər. Tamaşa martın 16-da göstəriləcək.

Qeyd edək ki, Gənc Tamaşaçılar Teatrının nəzdində məktəblilərdən ibarət bədii şura yaradılıb. Bakıda fəaliyyət göstərən bir sıra orta ümumtəhsil məktəblərinin ən qabaqcıl və fəal şagirdləri teatrda nümayiş etdirilən uşaq tamaşalarının ictimai baxışlarını izləyərək öz fikirlərini bildirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə