Baş kulinar: "Mətbəx verilişlərinə qeyri-peşəkar aşpazlar çıxarılır" MÜNASİBƏT
"Nə qədər ki yeməklər qeyri-peşəkar aşpazlar tərəfindən hazırlanacaq, zəhərlənmə və digər neqativ halların qarşısı alınmayacaq. Yeyinti məhsullarının hazırlanmasının xüsusi texnologiyası var və bu qaydalara ciddi riayət olunmalıdır". SİA-nın məlumatına görə, bunu Milli Kulinariya Mərkəzinin rəhbəri, respublikanın baş kulinarı Tahir Əmiraslanov deyib.
T.Əmiraslanov bildirib ki, bu gün ev şəraitində yemək bişirməyə yiyələnən insanlar bəzən restoranlarda və ya hansısa məclislərdə mütəxəssis kimi yeməklər hazırlayır: "Nədənsə bu məsələyə səthi yanaşılır və nəticədə qidalardan zəhərlənmələr və digər ciddi problemlər ortaya çıxır.
Əslində isə hər bir milli yeməyin yeyilməsi üçün spesifik ədviyyatlar, qarnirlər olmalıdır ki, bu da həmin yeməyin həzminə kömək etməlidir.
Yemək bişirilərkən bir neçə amil mütləq şəkildə nəzərə alınmalıdır. Bunlar insan bədəni üçün sağlamlığın təmin olunması, yeməyin ətirli, dadlı olması və onun formasının göz oxşaması kimi amillərdir. İnsanların kütləvi şəkildə qidalandığı yerlərdə buna xüsusilə əhəmiyyət verilməlidir və işə yalnız təcrübəli, təhsilli işçilər götürülməlidir. Bu, həm də milli mətbəximizin düzgün təbliğinə və tanınmasına şərait yaradar".
Kulinar onu da vurğulayıb kİ, "Mədəniyyət haqqında" qanun layihəsinə "Milli kulinariya nümunələri" maddəsinin salınması bu sahənin inkişafına təkan verəcək: "Qanunda Azərbaycanda kulinariya nümunələrinin sistemləşdirilməsi, qorunması, təbliğinin həyata keçirilməsi və kulinariya nümunələrinin milli mədəni irsə aid edilməsi nəzərdə tutulur".
T.Əmiraslanov televiziyalardakı bəzi mətbəx verilişlərində ifrata yol verildiyini də qeyd edib: "Telekanalların mətbəx verilişlərinə qeyri-peşəkar aşpazlar çıxarılır. Həmin verilişlərdə yağın içində üzən yeməklər təbliğ edilir. Belə yeməkləri yeyən insan xəstələnə bilər. Prezident İlham Əliyev telekanallardakı mətbəx verilişləri ilə bağlı öz iradını bildirib, bundan nəticə çıxarılmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB