"Kimdir müqəssir?" FOTO

Əsas binasında təmir-bərpa işlərinin aparılması ilə əlaqədar, müvəqqəti olaraq Dənizçilərin Mədəniyyət Evində fəaliyyət göstərən Musiqili Komediya Teatrında yaradıcı proses bir an belə səngimir. Hazırda teatrda paralel şəkildə bir neçə tamaşanın məşqləri aparılır.

Teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayevin SİA-ya verdiyi məlumata görə, bu əsərlərdən biri görkəmli dramaturq Ə.Haqverdiyevin "Kimdir müqəssir?" pyesi əsasında hazırlanan tamaşadır: "Janrı ilahi komediya kimi müəyyən oluan tamaşanın quruluşçusu gənc və istedadlı rejissor İradə Gözəlova, rəssamı Nabat Səmədovadır. Tamaşada rəqslərə xalq artisti Təranə Muradova və Qalina Semyonova quruluş verəcək. Teatrın sevilən aktyorları, əməkdar artistlər Çingiz Əhmədov, Əkbər Əlizadə, həmçinin tanınmış sənətçilər Ələkbər Əliyev, Ülviyyə Əliyeva, Hüseyn Əlili, Ruslan Mürsəlov, Gültac Əlili, Nigar Qarayeva və başqalarının iştirak etdiyi tamaşanın premyerası aprel ayına nəzərdə tutulub".

Qeyd edək ki, bu tamaşa gənc rejissor İradə Gözəlovanın Musiqili Komediya Teatrında ilk işidir. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 2009 – 2011-ci illərdə A.P. Çexov adına Moskva Akademik Bədaye Teatrının (MXAT) məktəb-studiyasını və Meyerxold adına Mərkəzin magistraturasını bitirib. İradə Gözəlova müxtəlif teatr səhnələrində "Qəribə oğlan" (İ.Əfəndiyev, Gəncə Dram Teatrı), "Bəlayi-eşq" ("Yuğ" Teatrı), "Oğlum" (Meyerxold adına Mərkəz), "Ailə səhnələri" (Lyubimovka dramaturq festivalında, "Dok" Teatrı), "Leyli və Məcnun" (N.Gəncəvi, H.Əliyev adına Saray), "1001 gecə" (Mingəçevir Dram Teatrı) kimi tamaşalara quruluş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə