Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Çölçü" bədii filminin premyerası keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev 2013-cü ilin ilk premyerası münasibətilə kino ictimaiyyətini təbrik edib.
O bildirib ki, təqdim olunan film bir çox beynəlxalq festivallarda iştirak edib: "Filmin məhsuldar həyatının davamı geniş tamaşaçı kütləsinə təqdim olunduqdan sonra başlayır. Ümid edirəm "Çölçü" filmi tamaşaçı rəğbəti qazanacaq".
Daha sonra filmin yaradıcı qrupu səhnəyə dəvət olunub. Quruluşçu rejissor Şamil Əliyev çıxış edərək çəkdikləri əziyyətə görə yaradıcı heyətə minnətdarlığını bildirib: "Filmdə maraqlı aktyor heyəti var. Düşünürəm ki, filmi tamaşaçılar da bəyənəcək".
Sonra ekran əsərinin ssenari müəllifi, həmçinin ata rolunun ifaçısı Vidadi Həsənov çəkilişlər haqqında danışıb: "Son illər kino sənətimizdə inkişaf gedir. Hər il daha maraqlı ekran əsərləri işıq üzü görür. Düşünürəm ki, bizim film də bu inkişafa imza atan növbəti filmlərdən olacaq".
Çıxışlardan sonra filmə baxış keçirilib.
Qeyd edək ki, "Çölçü" bədii filmi mövzu və ideya baxımından fərqli ekran əsəridir. Sivilizasiyadan uzaq bir məkanda yaşayan ata-oğul dəvə sürüsü saxlayır. Film dəvənin doğulması ilə başlayır. Köhnə və yeni dünya arasında olan münaqişədən bəhs edən filmdə iki gəncin sevgi münasibəti də yer alır. İnsan amilinin əsas götürüldüyü kinodramın quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov, İbrahimxəlil Əminov, bəstəkarı Rauf Əliyevdir. Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, gürcüstanlı aktrisa Salume Demuriya, Cavidan Məmmədli, Vüsal Mehrəliyev və digərləri çəkiliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB