“Mən teatr haqqında danışmaq istəyirəm”

“Mən teatr haqqında danışmaq istəyirəm”

Səbail rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və ASSİTEJ-Azərbaycan Milli Mərkəzi "Mən teatr haqqında danışmaq istəyirəm" adlı yeni layihə həyata keçiriləcək. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, layihə məktəblilər arasında bədii qiraətçilərin baxış müsabiqəsi ilə start götürəcək.

Sözügedən layihə Ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyi, Prezidentin Azərbaycan teatrının inkişaf etdirilməsi ilə bağlı 2009-cu 18 may tarixli Sərəncamı ilə təsdiq olunan "Azərbaycan Teatrı 2009-2019 illərdə" Dövlət Proqramı, Azərbaycan Milli Dünyəvi Peşəkar Teatrının 140 və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 85 illik yubileyləri çərçivəsində ilkin olaraq Səbail rayon orta ümumtəhsil məktəblərində reallaşacaq.

Layihənin həyata keçirilməsində əsas məqsəd uşaq və gənclərdə qədim və zəngin tarixə malik Azərbaycan teatrı, onun inkişafı, Beynəlxalq əlaqələri, Dövlətimizin Azərbaycan teatrına və onun sənət adamlarına göstərdiyi diqqət və qayğısı, eləcə də, görkəmli sənət adamları haqqında məlumatları genişləndirmək, teatr və bu mühüm, dövlət əhəmiyyətli mədəniyyət müəssisələrinə onları fəal cəlb etmək və təlim - tərbiyə prosesində teatrların imkanlarından geniş istifadə etməkdir.

"Mən teatr haqqında danışmaq istəyirəm"də hər yaş kateqoriyasından olan məktəblilər iştirak edə biləcək. İki mərhələdən ibarət olacaq baxışın I mərhələsi martın 1-dən - 28-dək məktəblərdə, II və yekun mərhələsi isə aprelin 23-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçiriləcək.

Baxışın qalibləri və bütün iştirakçıları diplom və mükafatlarla təltif olunacaqlar. Hazırda baxışın keçirilməsi ilə əlaqədar hazırlıq işləri görülməkdədir. Baxışın keçirilməsi ilə əlaqədar işçi qrup və münsiflər heyəti yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə