Bu gün 2010-2012-cin illərdə Milli Azərbaycan Tarixi muzeyi tərəfində nəşr olunmuş kitabların təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirin əsas məqsədi ötən 3 il ərzində muzey tərəfindən nəşr olunmuş kitabları geniş ictimaiyyətə təqdim etmək, muzeylərdə qorunan maddi mədəniyyət nümunələri barədə elmi və elmi-populyar ədəbiyyətin nəşr olunmasının vacibliyini vurğulamaqdır.
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı, elmi işlər üzrə direktor müavini Nərgiz Əliyeva, elmi-tədqiqat institutları və ali təhsil ocaqlarının müəllim və tələbələri, respublikanın aparıcı kitabxanalarının əməkdaşları, kitab satışı mərkəzlərinin nümüyəndələri, KİV nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, akademik Nailə Vəlixanlı tədbir haqqında geniş məlumat verib: "Milli Azərbaycan Tarixi muzeyi 1920-ci ildə yaradılıb. Əvvəllər Elmi Tədqiqat İnstitutu kimi fəaliyyət göstərən muzey arxeologiya, numizmatika və bir çox başqa sahələrdə görkəmli şəxsiyyətlər yetişdirib. Bunların arasında Məmmədəli Hüseynov, Ələkbər Ələkbərov, Ələsgər Ələkbərov kimi şəxsiyyətlər də var".
Təqdimat mərasimində daha sonra söz alan elmi işlər üzrə direktor müavini Nərgiz Əliyeva Muzey tərəfindən hər il nəşr olunan məqalələr toplusu haqqında məlumat verib: "Topluda yalnız Azərbaycanın deyil, xarici tədqiqatçıların da materialları nəşr olunub. Təqdim olunan kitabların bir qismi təkcə Azərbayan dilində deyil, rus və ingilis dillərində də çap olunub. Bu kitabları dünyanın məşhur kitabxanalarına göndərəcəyik".
Nəzərinizə çatdıraq ki, mərasimdə "Milli Azərbaycan Tarixi Muzeyinin nəşrləri (2010-2012)" adlı slayd film nümayiş olunub.
Qeyd edək ki, mədəni-maarif və elmi-tədqiqat müəssisəsi olan Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları Muzeyin fondlarında qorunan nadir eksponatlar və sənədlərə əsaslanaraq vətən tariximizin ayrı-ayrı səhifələrini araşdırmaqda davam edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB