Direktor: "Hazırda teatrda kadr çatışmazlığı var"

Teatr müsabiqə elan edib
Direktor: "Hazırda teatrda kadr çatışmazlığı var"

Azərbaycan Dövlət Musiqili Komediya Teatrı kollektivin simfonik orkestrində, xor və balet heyətində işləmək üçün müsabiqə elan edib. Teatrdan SİA-ya verilən məlumata görə, müsabiqədə 18 yaşından yuxarı klassik musiqi ifaçıları, xor və balet artistləri iştirak edə bilərlər. Sənədlər Musiqili Komediya Teatrında qəbul edilir.

Teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev açıqlamasında bildirib ki, teatrın heyətində əsaslı dəyişikliklər etmək üçün belə müsabiqənin keçirilməsi çox vacibdir: "İstəyirik ki, istedadlı gənclərə yol açaq. Bu, yenicə təmirdən çıxacaq teatrda xüsüsilə lazımdır. İstər yaradıcı qrupa, istərsə də texniki heyət üçün geniş iş şəraiti yaradılır. Öhdəmizə düşən aktyor, orkestr, xor və balet heyətlərinin tərkibini möhkəmləndirmək, yeni gənc və istedadlı kadrları teatra cəlb etmək, cari repertuarı zənginləşdirmək düşür. Hazırda teatrda kadr çatışmazlığı var və bu boşluğu doldurmaq üçün yeni, istedadlı kadrlara çox ehtiyacımız var. Ümid edirik ki, seçim turundan sonra yaradıcı heyətdə tam yenilik nəzərə çarpacaq".

Bununla yanaşı, Əliqismət Lalayev qəhrəman obrazlarını yarada biləcək, səs imkanları ilə seçilən gənc və istedadlı aktyor-vokalistlərə ehtiyac olduğunu də vurğulayıb: "Bu arzu ilə teatra müraciət edən gənclər arasında da seçim keçiriləcək. Artıq teatr 103-ci mövsümünü yaşayır. Rəhbərlik isə bu mövsümdə də yaradıcılıq işlərinin yüksək səviyyədə qurulması üçün bütün qüvvəsindən istifadə edir".

Bütün xəbərlər Facebook səhifəmizdə