3 saylı Uşaq Musiqi Məktəbinin direktoru məhkəməyə müraciət edib
Son vaxtlar Kərimov Ağakərim tərəfindən bəzi kütləvi informasiya vasitələrində Bakı şəhəri Səbail rayonu C.Hacıyev adına 3 saylı Uşaq Musiqi Məktəbinin fəaliyyəti ilə bağlı həqiqətə uyğun olmayan şantaj xarakterli məlumatlar yayılmaqdadır. Yazılarda guya məktəbdə müxtəlif qanun pozuntularının olması və maliyyə yeyintiləri ilə bağlı əsassız məlumatlar yer alıb.
Musiqi məktəbindən SİA-ya bildirilib ki, A.Kərimov işində yol verdiyi nöqsanlara görə, hələ 2001-ci ilin yanvar ayında sabiq direktor A.M.Rəsulov tərəfindən işdən azad edilib. Həmin ilin sentyabr ayında əlilliyi nəzərə alınaraq Bakı şəhər Mədəniyyət İdarəsinin göndərişi ilə yenidən 3 saylı UMM-nə göndərilib: "Lakin A.Kərimov əmək funksiyasını öhdəsindən gəlmədiyindən, belə ki, sənədləşmə işində yol verdiyi nöqsanlara, iş planını yerinə yetirmədiyinə, işə gecikdiyinə, müəyyən günlərdə işə gəlmədiyinə, rəhbərliyin göstərişlərinə əməl etmədiyinə, məktəbin daxili nizam-intizam qaydalarını pozduğuna görə 2007-ci ilin noyabr ayında Azərbaycan Respublikası Əmək Məcəlləsinin "C" bəndinə əsasən işdən azad edilib. Həmin vaxtdan işə bərpa olunması ilə əlaqədar məhkəməyə dəfələrlə müraciət edib və onun müraciəti əsassız olduğundan rədd edilib. Həm Səbail rayon məhkəməsinin, həm Bakı Apelyasiya məhkəməsinin, həm də Ali Məhkəmənin mülki kollegiyasının qərarları ilə razılaşmayan A.Kərimov dəfələrlə məhkəmə mübahisəsini uduzması və əleyhinə haqlı və ədalətli olaraq çıxarılmış məhkəmə qətnamələrini qəbul edə bilməməsi səbəbindən bu hal ilə razılaşmayaraq şantaj və təhqir kompaniyasını davam etdirərək çoxlu sayda qəzet səhifələrində heç bir hüquqi əsası olmayan, yalan ittihamların irəli sürülməsi ilə müşayiət olunan şər və böhtan xarakterli çıxışların verilməsi kompaniyasını davam etdirərək məktəbin direktoru M.Orucovaya qara yaxmaqla məşğul olub".
Məktəbdən verilən məlumatda qeyd olunub ki, A.Kərimovun şikayəti ilə bağlı məktəbdə dəfələrlə müxtəlif yoxlamalar aparılmasına baxmayaraq, yazılanlar öz təsdiqini tapmayıb. Şantaj və təhqirlərlə üzləşən məktəbin direktoru M.Orucova informasiyaların həqiqətə uyğun olmaması barədə qəzetlərdə təkzib verilməklə, həmin məqalələrdə yazılmış əsası olmayan ifadələrlə şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən informasiyanı yaymaqla mənəvi zərərə görə A.Kərimovun cərimə olunması barədə Nəsimi rayon məhkəməsinə müraciət edib.
Ümumiyyətlə, A.Kərimovun çəkişmələri ilə bağlı 40-a yaxın məhkəmə prosesi keçirilib. "Bütün məhkəmə proseslərində uduzan A.Kərimov əlilliyindən (həm də vərəm xəstəsidir) sui-istifadə edərək həm məktəbin fəaliyyətinə, həm də direktorun şəxsiyyətinə və iş nüfuzuna ləkə yaxmaqda davam edir. Bir daha yazılanların şantaj və həqiqətə uyğun olmadığını bildiririk", – deyə məlumatda vurğulanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB