Gənc Tamaşaçılar Teatrında ASSİTEJ- Azərbaycan Milli Mərkəzinin İdarə heyətinin iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda çıxış edən ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti Mübariz Həmidov gündəlikdə duran məsələlər haqqında iclas iştirakçılarına məlumat verib. ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin 2012-ci il oktyabr-dekabr aylarındakı fəaliyyəti haqqında ətraflı çıxış edən prezidentin sözlərinə görə, bu müddət ərzində Milli Mərkəz beynəlxalq əlaqələrini gücləndirmək, dünya teatrları ilə səmərəli yaradıcılıq mübadilələri təşkil etmək məqsədi ilə bir sıra müqavilələr imzalanıb.
Çıxışında 2013-cü il üçün təsdiq olunan iş planını diqqətə çatdıran M.Həmidov bildirib ki, plana fevralda Kalmıkiya Milli Teatrının Bakıya qastrol səfəri və BRİTİSH COUNCİL-un təşklatçılığı ilə teatrın aktyorları və işıqçıları ilə ustad dərslərin keçirilməsi, martda kollektivin Şri-Lankada keçiriləcək Mono tamaşalar Beynəlxalq Festivalda iştirakı və Beynəlxalq Teatr günü münasibətilə ümumtəhsil məktəblərində "Mən teatr haqqında danışmaq istəyirəm" mövzusunda bədii qiraətçilərin baxışının keçirilməsi nəzərdə tutulur. Bununla yanaşı, aprel və mayda ASSİTEJ-in baş katibi, xorvatiyalı rejissor İvisa Simiçin quruluş verəcəyi A.Tolstoyun "Buratinonun sərgüzəştləri" tamaşasının hazırlaması, iyun-iyulda Bakıda I Beynəlxalq Mono Tamaşalar Festivalının həyata keçirilməsi planlaşdırılır.
Sentyabrda Rusiya Federasiyası Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrına qastrol səfərinin planlaşdırılması və Ukraynalı rejissor Tatyana Şevçenkonun quruluş verəcəyi Astrid Lindqrenin "Damda yaşayan Karlson" tamaşasının hazırlanması, ASSİTEJ-Polşa Mərkəzinin 5-12 oktyabr 2013-cü ildə Varşavada keçiriləcək Uşaq və Gənclər Teatrları Beynəlxalq Festivalında teatrın kollektivinin iştirakı olacaq. Noyabrda teatrın Kalmıkiya Respublikasına qastrol səfəri edəcəyi barədə məsələlər daxil edilib.
Bundan başqa, iş planında il ərzində ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin İdarə heyətinin iclaslarını keçirmək, Mərkəzin üzvlərinə ingilis dili kursları təşkil etmək, ASSİTEJ-Azərbaycan Milli Mərkəzi və Respublikada fəaliyyət göstərən teatr studiyaları, teatr dərnəkləri il əlaqələri yaratmaq, onlara hərtərəfli elmi-praktik köməklik göstərmək, seminar, dəyirmi masalar, rəy sorğuları təşkil etmək, Mərkəzin fəaliyyəti ilə əlaqədar broşur hazırlamaq, Uşaq və gənclər teatrı sənətinin inkişafında təcrübəsi olan yüksək ixtisaslı mütəxəssislər cəlb etmək kimi mühüm məsələlərin daxil olunub.
İdarə heyətinin iclasında mərkəzin təftiş-nəzarət komisiyyası və mətbuat bölməsinin fəaliyyəti haqqında hesabatlar dinlənilmiş və qəbul olunub.
İclasda Azərbaycan İctimaİ Siyasi Universitetinin rektoru Rasim Nəbiyev, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aydın Talıbzadə, Azərbaycan Universitetinin dosenti, "Məlhəm" Humanist Qadınlar İctimai Birliyinin sədri Xədicə İsgəndərli, teatrın aktyorları- xalq artistləri Yasin Qarayev, Tariyel Qasımov çıxış edərək ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin fəaliyyətini təqdirəlayiq hesab etdiklərini bildiriblər.
İclasda ASSİTEJ-Azərbaycan Milli Mərkəzinə yeni üzvlər qəbul edilib və onlara üzvlük vəsiqələri təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB